Cəbrayıl: Zəfərdən Böyük Qayıdışa uzanan yol

KÖŞƏ YAZILARI
13:40 / 04.10.2026
185

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini özündə yaşadan mühüm bir tarixdir. Bu gün yalnız bir şəhərin işğaldan azad olunmasının ildönümü deyil, həm də 30 ilə yaxın davam edən həsrətin sona çatmasını, ədalətin bərpasını və doğma torpaqlara Böyük Qayıdışın başlanmasını simvolizə edir.

Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən burada həyatın bütün sahələri dağıdılmışdı. 1050 kvadratkilometr ərazisi, 52 minə yaxın əhalisi olan rayonun yaşayış məntəqələri, məktəbləri, səhiyyə və mədəniyyət müəssisələri, tarixi abidələri vandalizmə məruz qalmışdı.

Cəbrayıllılar uzun illər doğma yurdlarından ayrı, Azərbaycanın müxtəlif bölgələrində ağır məcburi köçkünlük şəraitində yaşamaq məcburiyyətində qaldılar. Lakin Azərbaycan dövləti bu faciəni heç vaxt taleyin hökmü kimi qəbul etmədi.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi strategiya Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildi. Ordumuz gücləndirildi, iqtisadi potensial artırıldı, diplomatik mövqelər möhkəmləndirildi və ən başlıcası, işğal faktının aradan qaldırılması Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qorundu.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu strategiyanın tarixi nəticəsini ortaya qoydu. Müzəffər Azərbaycan Ordusu Cəbrayıl istiqamətində də misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndlərinin, oktyabrın 3-də bir sıra yaşayış məntəqələrinin azad edilməsindən sonra 4 oktyabrda Cəbrayıl şəhərinin və rayonun digər kəndlərinin azad edilməsi Azərbaycanın Zəfər yürüşündə mühüm dönüş nöqtəsinə çevrildi.

Cəbrayıl əməliyyatı olduqca mürəkkəb hərbi şəraitdə həyata keçirilmişdi. Düşmənin çoxsaylı və dərin istehkamlarının yarılması böyük peşəkarlıq, cəsarət və fədakarlıq tələb edirdi. Cəbrayılın azad olunması ilə Azərbaycan Ordusu qarşısında yeni strateji imkanlar açıldı. Bu qələbə sonrakı hərbi əməliyyatların uğurla davam etdirilməsinə, Hadrut və Xocavənd istiqamətində irəliləməyə, Zəngilan, Qubadlı və Laçın istiqamətlərində tarixi qələbələrin əldə olunmasına mühüm zəmin yaratdı.

Bu mənada Cəbrayılın azad edilməsi təkcə rayonun hərbi yolla düşməndən təmizlənməsi deyildi. Bu, Azərbaycanın Zəfərə aparan yolunda strateji əhəmiyyət daşıyan mühüm mərhələ idi.

Bu tarixi Qələbənin əldə edilməsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi və qətiyyətli rəhbərliyi həlledici rol oynadı. Prezident İlham Əliyev illər ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas məqsədlərindən biri kimi müəyyənləşdirdi və hərbi, iqtisadi, diplomatik və informasiya istiqamətlərində aparılan ardıcıl siyasəti vahid strateji məqsədə yönəltdi. Məhz buna görə Azərbaycan xalqının tarixi Zəfərində İlham Əliyevin siyasi liderliyi və Ali Baş Komandan kimi rəhbərliyi xüsusi yer tutur.

Cəbrayılın azad edilməsindən cəmi bir neçə həftə sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri də xüsusi tarixi məna daşıyırdı. Dövlət başçısının Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması işğaldan azad edilmiş torpaqlarda suverenliyin bərpasının rəmzinə çevrildi.

Xüsusilə Xudafərin körpüsündə üçrəngli bayrağımızın dalğalanması əsrlərin o tayından gələn tarixi yaddaşımızın, milli kimliyimizin və dövlətçilik iradəmizin təntənəsi idi. Bir zamanlar düşmənin işğalı altında olan bu tarixi məkanda Azərbaycan bayrağının ucaldılması göstərdi ki, Azərbaycan yalnız torpaqlarını azad etmir, həm də öz tarixi-mədəni irsinə sahib çıxır.

Bu gün Cəbrayılın simasında biz Zəfərdən sonrakı yeni Azərbaycanın quruculuq modelini görürük. İşğaldan azad olunmuş ərazilərin bərpası təsadüfi və pərakəndə layihələr deyil, vahid dövlət strategiyasının tərkib hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl rayonunda şəhərsalma, yol, enerji, sosial infrastruktur, sənaye, kənd təsərrüfatı və yaşayış layihələri paralel şəkildə həyata keçirilir.

Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi şəhərin gələcək simasını müəyyənləşdirən mühüm sənəddir. Müasir şəhərsalma prinsiplərinə əsaslanan bu plan Cəbrayılı yenidən yaşayış, iqtisadi fəaliyyət və sosial həyatın mühüm mərkəzlərindən birinə çevirməyi nəzərdə tutur.

Rayonda həyata keçirilən layihələr bu inkişafın miqyasını aydın göstərir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması Cəbrayılın gələcəkdə mühüm sənaye və logistika mərkəzinə çevrilməsi baxımından böyük əhəmiyyət daşıyır. Yeni yollar, elektrik yarımstansiyaları, sosial obyektlər, yaşayış kompleksləri və istehsal müəssisələri Cəbrayılın iqtisadi potensialının yenidən dirçəldilməsinə xidmət edir.

Enerji sektorunda görülən işlər isə Cəbrayılın yalnız bərpa olunan deyil, həm də “yaşıl enerji” məkanına çevrilməkdə olduğunu göstərir. Günəş elektrik stansiyalarının və yeni enerji infrastrukturunun yaradılması Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə müasir və ekoloji dayanıqlı inkişaf modelini tətbiq etdiyini nümayiş etdirir.

Cəbrayılın kəndləri də yenidən qurulur. Horovlu, Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı və digər yaşayış məntəqələrində fərdi evlərin, məktəblərin, uşaq bağçalarının, tibb və ictimai obyektlərin tikintisi həyata keçirilir. Bu layihələrin mahiyyətində yalnız binaların inşası deyil, insanların təhlükəsiz, rahat və ləyaqətli həyat şəraitinin yaradılması dayanır.

Ən böyük tarixi məna isə insanların doğma torpaqlarına qayıtmasıdır. 2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması Böyük Qayıdışın növbəti mühüm səhifəsini açdı. Bu gün artıq Cəbrayıl şəhərində və rayonun kəndlərində minlərlə keçmiş məcburi köçkün öz doğma yurduna qayıdaraq burada yeni həyat qurur. Bu, işğalın nəticələrinin aradan qaldırılmasının ən böyük və ən təsirli göstəricisidir.

Cəbrayılın taleyi Azərbaycan dövlətinin gücünün və milli iradəsinin əyani nümunəsidir. Bir vaxtlar dağıdılmış, viran qoyulmuş şəhər və kəndlər bu gün yenidən qurulur, yollar çəkilir, məktəblər və xəstəxanalar inşa edilir, sənaye müəssisələri yaradılır, enerji layihələri həyata keçirilir və ən əsası, insanlar öz ata-baba torpaqlarına qayıdırlar.

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü məhz bu baxımdan həm Zəfərin, həm də quruculuğun rəmzidir. Bu tarix bizə xatırladır ki, Azərbaycan xalqı qarşısına qoyduğu böyük məqsədlərə milli birlik, güclü dövlətçilik və qətiyyətli siyasi liderlik sayəsində nail ola bilir.

Cəbrayılın dünəni işğalın ağrısını, bu günü Zəfəri və Böyük Qayıdışı, sabahı isə inkişaf edən, müasirləşən və firavan Azərbaycanı simvolizə edir. Bu böyük dəyişimin arxasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi dayanır.

Cəbrayıl artıq yalnız azad edilmiş şəhər deyil. O, Azərbaycanın Zəfər salnaməsinin parlaq səhifəsi, Böyük Qayıdışın canlı ünvanı və işğaldan sonra yenidən doğulan Qarabağ və Şərqi Zəngəzurun quruculuq simvollarından biridir.

 

Jalə Əliyeva 

Milli Məclisin deputatı 

0