Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın yeni mərhələdə qarşısında dayanan vəzifələrin də diqqətə çatdırıldığı platforma oldu.
Qurultayda iştirak edən Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin çıxışında ölkənin keçdiyi yol, əldə olunan nəticələr və qarşıdakı dövr üçün strateji prioritetlərlə bağlı mühüm mesajlar səsləndirildi. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk YAP qurultayı olması tədbirə xüsusi siyasi əhəmiyyət qazandırdı. Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə partiyanın deyil, bütövlükdə ölkənin gələcək inkişaf istiqamətlərinə dair mühüm çağırışlar kimi diqqət çəkdi.
“Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Hit.az-a açıqlamasında deyib ki, Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident İlham Əliyevin çıxışı, yalnız partiyanın fəaliyyətinə dair hesabat xarakterli çıxış deyildi:
“Burada həm Azərbaycan cəmiyyətinə, həm də ölkəmizi kənardan müşahidə edən siyasi dairələrə çox ciddi və prinsipial mesajlar verildi. İlk növbədə sosial siyasətlə bağlı mesaj xüsusi əhəmiyyət daşıyır. Pensiyaların və sosial ödənişlərin artırılması ilə bağlı qərarın açıqlanması bir daha göstərir ki, Azərbaycanın iqtisadi inkişafının əsas məqsədlərindən biri vətəndaşın rifahının yüksəldilməsidir. Yəni dövlətin gücü yalnız makroiqtisadi göstəricilərlə deyil, həmin inkişafın insanların gündəlik həyatında nə qədər hiss olunması ilə ölçülür.
Fikrimcə, qurultaydakı ən mühüm mesajlardan biri də milli təhlükəsizlik anlayışının daha geniş çərçivədə təqdim olunması idi. Cənab Prezident çox mühüm bir məqamı ortaya qoydu. Təhlükəsizlik yalnız sərhədlərin qorunması, ərazi bütövlüyünün təmin edilməsi və hərbi güc demək deyil. Milli təhlükəsizlik iqtisadi təhlükəsizlik, informasiya təhlükəsizliyi, ideoloji təhlükəsizlik və media təhlükəsizliyidir”.
Ekspert qeyd edib ki, bu, olduqca ciddi konseptual yanaşmadır:
“Çünki müasir dünyada dövlətlərə qarşı təhdidlər artıq yalnız tankla, raketlə və ordu ilə gəlmir. İnformasiya manipulyasiyası, saxta ideoloji tezislər, media üzərindən aparılan kampaniyalar, iqtisadi təzyiqlər də milli təhlükəsizliyə birbaşa təsir göstərir. Deməli, dövlət öz təhlükəsizliyini kompleks şəkildə qorumalıdır.
İdeoloji təhlükəsizlik məsələsi xüsusi qeyd olunmalıdır. Azərbaycançılıq ideologiyası məhz dövlətçilik şüurunun, milli həmrəyliyin və dövlətə bağlılığın əsas dayaqlarından biridir. Ona görə də ideoloji sahədə boşluq yaratmaq olmaz. Dövlətin informasiya məkanı nə qədər güclüdürsə, cəmiyyətin milli ideoloji dayaqları da bir o qədər möhkəm olmalıdır”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, digər mühüm mesaj isə Azərbaycanın müstəqil dövlət kimi öz qərarlarını özü verməsi ilə bağlı idi:
“Cənab Prezident açıq şəkildə göstərdi ki, Azərbaycan kiminsə yardımına möhtac olan dövlət deyil. Hətta Vətən müharibəsi dövründə Azərbaycan öz hərbi imkanlarını özü formalaşdırdı, silahını, sursatını və hərbi texnikasını öz maliyyə imkanları hesabına əldə etdi. Burada verilən mesaj çox sadədir ki, Azərbaycan müstəqil dövlətdir, öz təhlükəsizliyini təmin etmək imkanına malikdir və xarici siyasətində də öz milli maraqlarından çıxış edir.
Başqa sözlə, hər kəs öz işi ilə məşğul olsun, Azərbaycan da öz işini özü görür. Bizə kənardan necə yaşamağı, hansı qərarı verməyi öyrətmək lazım deyil. Qurultayda Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət kimi təqdim olunması da təsadüfi deyildi. Çünki YAP-ın yaranması Azərbaycanın ən mürəkkəb siyasi dövrlərindən birinə təsadüf edirdi. Ölkənin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı, dövlət idarəçiliyində ciddi böhranın yaşandığı bir vaxtda xalqın Heydər Əliyevə müraciəti əslində tarixi-siyasi zərurətin ifadəsi idi”.

Bəhruz Quliyev vurğulayıb ki, bu baxımdan 1992-ci ildə ziyalıların Heydər Əliyevə müraciəti və sonrakı proseslər sadəcə siyasi hadisələr deyil, Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsidir:
“1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı isə dövlətçiliyin qorunub saxlanılması və Azərbaycanın gələcək inkişaf modelinin formalaşdırılması baxımından həlledici mərhələ oldu. Bu gün Prezident İlham Əliyevin həmin tarixi proseslərə verdiyi qiymət göstərir ki, Yeni Azərbaycan Partiyasının siyasi fəlsəfəsi yalnız keçmişlə bağlı deyil. Bu fəlsəfə Azərbaycanın bu günkü dövlətçilik modelinin və gələcək inkişaf strategiyasının ideoloji-siyasi dayaqlarından biridir.
Ona görə də VIII qurultayın mesajlarını ayrı-ayrı bəyanatlar kimi deyil, vahid bir konsepsiyanın tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Belə ki, sosial rifah, güclü iqtisadiyyat, güclü ordu, ideoloji dayanıqlıq, informasiya təhlükəsizliyi və müstəqil xarici siyasət Azərbaycanın inkişaf konsepsiyasının elementləridir.
Əslində, Prezidentin qurultaydakı mesajlarının mahiyyəti budur ki, Azərbaycan öz gələcəyini özü müəyyənləşdirən, öz təhlükəsizliyini özü təmin edən və öz milli maraqlarını özü qoruyan müstəqil dövlətdir”.
Sevinc


