Böyük Britaniyanın Uiltşir qraflığında tikinti materialları anbarından 300 funt sterlinqə (400 dollar) alınan mərmər heykəlin Romadakı məşhur Trevi fəvvarəsini yaradan italyan heykəltəraşın əsəri olduğu müəyyənləşib. Əsərin hərracda 100 min funt sterlinqə (140 min dollar) satıla biləcəyi gözlənilir.
HİT.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Hündürlüyü 66 santimetrdən bir qədər çox olan heykəl barokko dövrünün italyan ustası Pietro Braccinin əsəridir. Bracci Romadakı məşhur Trevi fəvvarəsinin mərkəzi fiqurunun müəllifi kimi tanınır.
Mərmər əsərdə XII Klement kimi tanınan Roma papası, Korsini nəslinin nümayəndəsi təsvir olunub. Təxminən 290 il əvvəl yaradılan heykəl Uiltşirdəki tikinti materialları anbarından inşaatçı tərəfindən cəmi 400 dollara alınıb. Heykəlin vəziyyətinə görə anbarın sahibləri onun beton məmulat olduğunu düşünüb və əsəri demək olar ki, dəyər-dəyməzinə satıblar.
Lakin alıcı bunun qiymətli sənət əsəri ola biləcəyindən şübhələnib və yanılmayıb. Hazırda onun aldığı əsərin əhəmiyyətli gəlir gətirə biləcəyi bildirilir.
Bracci bu əsəri Romadakı Kapitoli təpəsində yerləşən Palazzo Nuovo sarayının Böyük zalında vaxtilə ucaldılmış monumental bürünc heykəl üçün hazırlıq modeli kimi yaradıb. Bürünc heykəlin əsli günümüzə qədər gəlib çatmadığından, mərmər nümunənin onun qorunub qalmış yeganə modeli olduğu hesab edilir.
Əsərin sahibi adının açıqlanmasını istəməyib. O, heykəli Solsberidə yerləşən “Woolley & Wallis” hərrac evində satışa çıxarıb. Əsərin hərracı oktyabrın 8-də keçiriləcək.
Heykəlin ilkin dəyəri 10 min funt sterlinq (13 min dollar) qiymətləndirilir. Lakin lota beynəlxalq marağın yüksək olması nəzərə alınaraq, onun qiymətinin ilkin qiymətləndirmədən 10 dəfə arta biləcəyi bildirilir.
Bracci XVIII əsr Romanın görkəmli ustalarından biri olub. O, yaradıcılığı ərzində çoxsaylı əsərlər, o cümlədən XIII Benedikt və XIV Benedikt papalarının portretləri və məzarüstü abidələrini yaradıb.
Roma senatının sifarişi ilə papa tərəfindən Kapitoli muzeylərinə edilən ianənin şərəfinə 1736-cı ildə XII Klementin bürünc heykəli hazırlanıb. Lakin heykəl Palazzo Nuovoda uzun müddət qalmayıb. Əvvəlcə başqa yerə köçürülüb, daha sonra isə 1798-ci ildə Birinci Roma Respublikası dövründə əridilib.
Bu mərmər model aşkar edilənədək bürünc heykəlin məlum olan yeganə təsviri Stefano və Rocco Pozzilərin hazırladığı qravüra olub.
Samir


