Azərbaycanın müasir geostrateji dirçəlişi ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə yeni mərhələyə qədəm qoyub.
Artıq Cənubi Qafqazın lider dövləti olan Azərbaycan regional geosiyasətin qaydalarını müəyyən edən əsas aktor statusuna yüksəlib, həyata keçirdiyi müstəqil xarici siyasət kursu ilə qlobal güclər arasında balanslaşdırılmış unikal model formalaşdırıb. Qarabağ zəfəri regionda onilliklər boyu davam edən status-kvo anlayışını kökündən dəyişərək güc nisbətini ölkənin xeyrinə həll edib. Geopolitik mövqeyin üstünlüklərindən bacarıqla istifadə edən Bakı bu gün Avrasiyanın mühüm diplomatik və qərarqəbuletmə mərkəzlərindən birinə çevrilməkdədir.
Ölkə yalnız ənənəvi neft-qaz resursları ilə deyil, həm də Avropanın enerji təhlükəsizliyinin etibarlı zəmanətçisi kimi qlobal rola malikdir. Cənub Qaz Dəhlizi Bakının qlobal enerji xəritəsindəki strateji çəkisini və Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldırır. Eyni zamanda, yaşıl enerji keçidini prioritet elan edən Azərbaycan bərpaolunan enerji mənbələrinin Avropaya ixracı layihələri ilə “yaşıl dəhliz” konsepsiyasının pionerinə çevrilir.
COP29 kimi mötəbər beynəlxalq iqlim sammitinə ev sahibliyi etmək ölkənin qlobal ekoloji siyasətdəki liderlik iddialarını təsdiqləyir və enerji resurslarının diversifikasiyası Bakıya qlobal iqtisadi diplomatiyada təsirli rıçaqlar qazandırır. Nəqliyyat və logistika sahəsində Orta Dəhliz layihəsinin mərkəzi qovşağı kimi Azərbaycan Çin ilə Avropa arasında ən qısa və təhlükəsiz tranzit marşrutunu təmin edir. Zəngəzur dəhlizinin açılması imkanları Türk dünyasının coğrafi və iqtisadi inteqrasiyasını sürətləndirən qlobal miqyaslı xətt rolunu oynayır.
Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionu qlobal tədarük zəncirinin vazkeçilməz halqasına çevirir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının kəsişmə nöqtəsində yerləşməsi Azərbaycanın geoiqtisadi dəyərini eksponent olaraq artırır, infrastrukturun modernləşdirilməsi isə ölkəni transmilli ticarət və investisiya mərkəzinə çevirir.
Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi və NATO standartlarına uyğunlaşdırılması ölkənin hərbi çəkisini regionun hüdudlarından kənara çıxarıb. İkinci Qarabağ müharibəsində tətbiq edilən XXI əsrin müharibə taktikası qlobal hərbi doktrinaların yenidən yazılmasına səbəb olub, yerli hərbi-sənaye kompleksinin sürətli inkişafı xarici asılılığı minimuma endirərək hərbi eksportyor ölkəyə çevrilməni təmin edib.
Regional təhlükəsizlik arxitekturasında Bakının irəli sürdüyü təşəbbüslər xarici müdaxilələrin qarşısını alan sipər rolunu oynayır, güclü ordu isə yalnız sərhədləri deyil, strateji kommunikasiya xətlərini də qoruyur.
Qoşulmama Hərəkatına uğurlu sədrlik “Qlobal Cənub”un maraqlarını müdafiə edən nüfuzlu lider imicini formalaşdırıb, Türk Dövlətləri Təşkilatında aparıcı rol isə bu birliyin qlobal güc mərkəzinə çevrilməsinə hərəkətverici qüvvə olub. BMT və digər platformalarda neokolonializmə karşı aparılan fəaliyyət Azərbaycanın mənəvi-siyasi nüfuzunu yüksəldir.
Humanitar diplomatiya, mədəniyyətlərarası dialoq və beynəlxalq tədbirlərə ev sahibliyi ölkənin “yumşaq güc” potensialını möhkəmləndirir. İnsan kapitalı, kosmik sənaye, azad edilmiş ərazilərdə tətbiq olunan “Ağıllı şəhər” modelləri və qeyri-neft sektorunun inkişafı gələcək rəqabətqabiliyyətliliyi təmin edir. Müstəqil siyasi iradə, güclü iqtisadiyyat, modern ordu və strateji diplomatiya sinerjisi Azərbaycanın XXI əsrin yeni qlobal güc mərkəzlərindən birinə çevrilməsini şərtləndirir. Bütün bunların fonunda Azərbaycanın qlobal gücə çevrilməsinin memarı isə şübhəsiz ki, Qarabağ fatehi, qalib Prezident cənab İlham Əliyevdir!
Elmir Mustafa


