Tom Kruzun baş rolunda çəkildiyi “Digger” filmi yüksək büdcəsinə baxmayaraq, kinoteatrlarda gözlənilən nəticəni göstərə bilməyib. Alejandro Qonzales İnyarritunun rejissorluq etdiyi ekran əsminin “Warner Bros.” studiyasına 250 milyon dollara qədər zərər vura biləcəyi iddia olunur.
HİT.az-ın məlumatına görə, filmin istehsal büdcəsi təxminən 173 milyon dollara çatıb. Bəzi mənbələr isə yekun xərclərin 163 milyon dollar olduğunu bildirir. “Warner Bros.” filmin reklamına da təxminən 100 milyon dollar sərf edib.
Buna baxmayaraq, “Digger” ilk həftəsonunda ABŞ-da cəmi 8 milyon dollar, dünya üzrə isə ümumilikdə 21 milyon dollar gəlir əldə edib. “Skydance”ə yaxın mənbələrin proqnozlarına əsasən, filmin dünya üzrə ümumi kassa gəlirinin 40 milyon dolları keçməsi gözlənilmir.
Əvvəlki hesablamalarda filmin təxminən 125 milyon dollar zərər edəcəyi proqnozlaşdırılırdı. Yeni hesablamalar isə mümkün itkinin 250 milyon dollara qədər yüksələ biləcəyini göstərir. Bu rəqəm təsdiqlənərsə, “Digger” Tom Kruzun karyerasındakı ən böyük kassa uğursuzluğu olacaq.
Film aktyorun əvvəlki aksiyon rollarından da ciddi şəkildə fərqlənir. Kruz ekran əsərində neft quyuları səbəbindən qlobal ekoloji fəlakətə səbəb olan varlı iş adamını canlandırır. Aktyor rol üçün xarici görünüşünü də dəyişib və filmdə artıq çəkili, saçları tökülmüş, ölümcül xəstə pişiyi ilə yaşayan milyarder obrazında görünür.
İqlim dəyişikliyini qara yumorla təqdim edən film tənqidçilər arasında da fikir ayrılığı yaradıb. Bəzi rəylərdə süjet mürəkkəb hesab edilsə də, ekran əsərinin qeyri-adi üslubu müsbət qarşılanıb.
Filmin maliyyə riskini artıran əsas məqamlardan biri də onun tamamilə “Warner Bros.” tərəfindən maliyyələşdirilməsidir. Studiya bəzi böyük layihələrdə olduğu kimi başqa şirkətlərlə xərcləri bölüşmədiyindən, mümkün zərərin əsas hissəsi onun üzərinə düşür.
Tom Kruzun növbəti böyük layihələri arasında isə “Days of Thunder 2” filmi yer alır. “Paramount” tərəfindən hazırlanacaq ekran əsərinin çəkilişlərinə 2027-ci ildə başlanması planlaşdırılır və filmdə Kruzla yanaşı Enn Heteuey də rol alacaq.
Samir


