“Azərbaycan-Türkiyə qardaşlığı tarixin sınaqlarından keçmiş, ortaq milli-mənəvi dəyərlərə və qarşılıqlı etimada söykənən münasibətlər sistemidir”.
Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu qardaşlıq ayrı-ayrı siyasi qüvvələrin mövqeyindən, gündəlik mübahisələrdən və süni şəkildə yaradılan gərginliklərdən qat-qat güclüdür:
“Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, son zamanlar Türkiyədə Azərbaycana qarşı səsləndirilən bəzi fikirlər, aparılan təxribat xarakterli kampaniyalar və münasibətlərimizə kölgə salmağa hesablanmış yanaşmalar ictimai narahatlıq yaradır.
Belə halların baş verməsi xüsusilə təəssüf doğurur, çünki Azərbaycan hər zaman Türkiyənin yanında olub, ən çətin məqamlarda qardaş ölkəyə öz dəstəyini nümayiş etdirib. Unutmaq olmaz ki, Azərbaycan-Türkiyə münasibətləri sadəcə iki dövlət arasındakı diplomatik əlaqələr deyil”.
Millət vəkili vurğulayıb ki, bu münasibətlər ortaq tarixə, dilə, mədəniyyətə, mənəvi bağlılığa və sarsılmaz həmrəyliyə əsaslanır:
“Yəni “Bir millət, iki dövlət” prinsipi yalnız gözəl bir şüar deyil, real siyasi iradənin və tarixi təcrübənin ifadəsidir. Məhz buna görə də hər hansı təxribatın, əsassız ittihamın və qərəzli təbliğatın bu münasibətlərə zərər vurmasına imkan vermək olmaz. Bununla belə, qardaşlıq münasibətlərinin qorunması qarşılıqlı məsuliyyət tələb edir”.
Deputat qeyd edib ki, Türkiyədə Azərbaycana qarşı səsləndirilən əsassız fikirlərə və qərəzli yanaşmalara münasibətdə susmaq da düzgün deyil:
“Çünki bu cür davranışlar cəmiyyətlər arasında inamsızlıq yarada, xalqlarımızın mənəvi yaxınlığına xələl gətirə bilər. Qardaşlıq yalnız xoş sözlər söyləməklə yox, həm də həssas məqamlarda bir-birinin milli maraqlarına və ləyaqətinə hörmət göstərməklə qorunur. Əminəm ki, Azərbaycan və Türkiyə arasında mövcud olan strateji müttəfiqlik, liderlərimizin nümayiş etdirdiyi siyasi iradə və xalqlarımızın sarsılmaz bağlılığı belə təxribatlardan daha güclüdür”.
Lakin Elnarə Akimovanın sözlərinə görə, bu güc bizi baş verənlərə laqeyd yanaşmağa vadar etməməlidir:
“Əksinə, münasibətlərimizə zərər vurmaq istəyən cəhdlərin qarşısı sağlam mövqe, obyektiv yanaşma və qarşılıqlı hörmətlə alınmalıdır. Azərbaycan-Türkiyə qardaşlığı bizim ortaq sərvətimizdir və onu qorumaq hər iki tərəfin məsuliyyətidir. Heç bir təxribat bu qardaşlığı poza bilməz, amma hər birimiz bu münasibətlərin daha da möhkəmlənməsi üçün üzərimizə düşən məsuliyyəti dərk etməliyik”.
Elmir Mustafa



