Uşaqlıqda ailəsi ilə deyil, televizor qarşısında tək nahar edən insanların bəzi davranışları yetkinlik dövründə də davam edə bilər. Mütəxəssislərin fikirlərinə istinad edən məqalədə bildirilir ki, bu vərdişlər insanın qidalanma tərzinə, emosiyalarını idarə etməsinə və gündəlik həyatına təsir göstərə bilər.
HİT.az xəbər verir ki, bu barədə “YourTango” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, valideynləri işdən gec qayıdan uşaqlar çox vaxt yeməklərini televizor qarşısında tək yeməli olurlar. Bu vərdiş zamanla onların davranışına təsir edə bilər.
1. Televizora baxarkən yemək istəyi
Uşaqlıqdan televizor qarşısında yeməyə alışan insanlar serial və ya film izləyərkən qəlyanaltı etmək istəyə bilərlər. Hətta ac olmadıqları halda belə, ekran qarşısında olmaq onlarda yemək ehtiyacı yarada bilər.
2. Telefon və digər cihazlardan asılılıq
Belə insanlar yemək zamanı telefondan istifadə etməyə, sosial şəbəkələrdə gəzməyə və televizoru arxa fonda açıq saxlamağa meyilli ola bilərlər. Bəzi hallarda üzbəüz ünsiyyət əvəzinə yazışmağa üstünlük vermələri də sosial münasibətlərinə təsir göstərə bilər.
3. Yeməyi tələsik yemək
Yemək zamanı televizora və ya telefona diqqət yetirmək insanın qidalanma prosesindən yayınmasına səbəb olur. Nəticədə insan toxluq hissini vaxtında anlamadan normadan artıq yeyə bilər. Bu isə bəzi hallarda köp və həzm narahatlığı ilə müşayiət oluna bilər.
4. Bədənin siqnallarını düzgün anlamamaq
Ekran qarşısında davamlı yemək həqiqi aclıqla darıxma və ya emosional gərginlik nəticəsində yaranan yemək istəyini ayırd etməyi çətinləşdirə bilər. Məqalədə insanlara qidalanma vərdişlərini izləmək və bədənlərinin siqnallarına diqqət yetirmək tövsiyə olunur.
5. Sağlam olmayan qidalara üstünlük vermək
Məqalədə istinad edilən araşdırmalardan birinə görə, televizor qarşısında yemək yeyən yeniyetmələr ailəsi ilə süfrəyə əyləşənlərlə müqayisədə daha az sağlam qidalar seçməyə meyilli ola bilərlər. Hazır yeməklərə və asan qəlyanaltılara alışmaq yetkinlik dövründə də davam edə bilər.
6. Tək yeməkdən narahat olmamaq
Uşaqlıqda yeməklərini əsasən tək yeyən insanlar üçün bu vəziyyət böyüdükdə də adi hal olaraq qala bilər. Onlar restoranda və ya evdə tək nahar etməkdən narahat olmaya, bunu rahat və təbii seçim kimi qəbul edə bilərlər. Bununla belə, tək yemək özlüyündə tənhalıq və ya psixoloji problem əlaməti deyil.
7. Mənfi emosiyaları yeməklə kompensasiya etmək
Bəzi insanlar stress, kədər və ya narahatlıq zamanı yeməyə üz tuta bilərlər. Bu davranış emosional yemək kimi tanınır. Lakin yemək vasitəsilə hissləri müvəqqəti unutmağa çalışmaq problemin özünü həll etmir və uzun müddətdə sağlam olmayan qidalanma vərdişlərinə yol aça bilər.
8. Darıxanda qəlyanaltı etmək
Darıxan zaman soyuducuya üz tutmaq da belə insanlarda formalaşa bilən vərdişlərdən biri kimi göstərilir. Bu halda yemək fizioloji aclığı aradan qaldırmaqdan daha çox, vaxt keçirmək vasitəsinə çevrilir.
Samir


