AQEM Zirvə Toplantısı – “Azərbaycanın beynəlxalq mövqeyinin göstəricisidir”

SİYASƏT
10:45 / 16.10.2026
223

“Bakıda oktyabrın 15-də keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunu nümayiş etdirən mühüm hadisədir”.

Bu fikirləri “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, toplantının əhəmiyyəti təkcə müxtəlif dövlətlərin liderlərinin Bakıda bir araya gəlməsi ilə məhdudlaşmır:

“Əsas məsələ mürəkkəb geosiyasi proseslərin getdiyi bir dövrdə Azərbaycanda dialoq, etimad və əməkdaşlıq üçün real platformanın yaradılmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən zirvə görüşünün konkret nəticələri də var. Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb, Laos təşkilata tamhüquqlu üzv qəbul edilib, Bakı Bəyannaməsi və əməyin təhlükəsizliyi ilə sağlamlığın qorunmasına dair bəyanat qəbul olunub”.

412979

Ekspert qeyd edib ki, səfir Sultan Hacıyevin 2026-2030-cu illər üçün AQEM-in Baş katibi təyin edilməsi də Azərbaycanın təşkilat daxilindəki rolunun güclənməsini göstərən mühüm qərarlardandır:

“Bu toplantının xüsusi əhəmiyyəti ondadır ki, müxtəlif maraqlara, hətta bir-biri ilə ziddiyyət təşkil edən mövqelərə malik dövlətlər eyni platformada təmsil olunurlar. Belə bir şəraitdə Azərbaycanın ev sahibi və təşkilatın sədri kimi fəaliyyəti siyasi dialoqun davam etdirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycanın coğrafi mövqeyi, Şərqlə Qərb arasında nəqliyyat və logistika əlaqələrində iştirakı ölkəmizə regional əməkdaşlıq baxımından əlavə imkanlar yaradır:

“Bu imkanların siyasi dialoqla iqtisadi tərəfdaşlığa çevrilməsi xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Məncə, AQEM Zirvə Toplantısının əsas mesajı Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil siyasət yürüdən, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörməti müdafiə edən, dialoq və əməkdaşlıq üçün platforma yaradan ölkə kimi çıxış etməsidir.

İndi əsas məsələ qəbul olunan qərarların konkret layihələrə, iqtisadi əlaqələrə və təhlükəsizlik sahəsində əməkdaşlığa çevrilməsidir. Çünki beynəlxalq nüfuzun davamlılığı yalnız keçirilən tədbirlərlə deyil, onların yaratdığı real nəticələrlə ölçülür. Real nəticələrin də olacağına şübhə yoxdur”.

Sevinc

0