Müasir kilometraj nişanlarının əcdadları: Romalılar 2300 il əvvəl yollarda hansı daşlardan istifadə edirdi?

DÜNYA
23:53 / 19.11.2026
41

Bu gün avtomobil yollarının kənarında gördüyümüz məsafə nişanlarının bənzərləri hələ 2300 ildən çox əvvəl Qədim Romada mövcud olub. Roma yolları boyunca yerləşdirilən xüsusi daşlar təkcə məsafəni göstərmir, həm də yolların tikintisi və təmiri ilə bağlı tarixi məlumatları özündə əks etdirirdi.

HİT.az xəbər verir ki, bu barədə Türkiyənin “CHIP” nəşri yazıb.

2025-ci ilin noyabrında dərc edilən araşdırmaya əsasən, Roma imperiyası mövcud olduğu dövrdə ümumilikdə təxminən 300 min kilometrlik əsas yol şəbəkəsi yaradıb. Bu yolların inşasında əsas məqsəd yalnız ticarət və mülki daşımaları asanlaşdırmaq deyildi. İmperiyanın geniş ərazilərində yerləşən Roma legionlarının lazım olan bölgələrə mümkün qədər sürətlə çatdırılması da əsas prioritetlərdən biri idi.

Roma imperiyasının ərazisi ən geniş dövründə 5,18 milyon kvadratkilometrə çatırdı. Belə böyük coğrafiyaya nəzarət etmək üçün inkişaf etmiş nəqliyyat və rabitə sistemi tələb olunurdu.

İlk yol nişanları Appi yolunda quraşdırılıb

Roma yollarının kənarındakı məsafə göstəriciləri “mil daşı” adlandırılırdı. Bir Roma mili təxminən 1524 metrə bərabər idi. Bu göstərici müasir ölçü sistemindəki 1609 metrlik mildən bir qədər azdır.

İlk mil daşlarının eramızdan əvvəl 312-ci ildə tikintisinə başlanılan Appi yolu boyunca yerləşdirildiyi bildirilir. Əvvəlcə Roma ilə Kapua şəhərini birləşdirən bu marşrut qədim dünyanın ən mühüm yol layihələrindən biri hesab olunurdu.

Daşların üzərindəki yazılar yolçulara qət etdikləri məsafəni müəyyənləşdirməyə imkan verirdi. Bununla yanaşı, bəzi nişanlarda yolun tikildiyi tarix, sonuncu dəfə nə vaxt təmir olunduğu və tikinti xərclərini kimin ödədiyi də qeyd edilirdi.

Əsasən mərmər və qranitdən hazırlanan bu daşlar uzunömürlü olması ilə seçilirdi. Onların bəziləri əsrlər keçməsinə baxmayaraq ilkin yerlərində qorunub saxlanılıb, digərləri isə muzeylərə köçürülüb.

Roma ordusu gündə 32 kilometr yol qət edirdi

İmperiyanın əraziləri genişləndikcə əyalət mərkəzlərini, limanları, şəhərləri və hərbi bazaları birləşdirən yeni yollar salınırdı. Bu infrastruktur sayəsində Roma legionları gündə təxminən 32 kilometr məsafə qət edə bilirdi.

Yol şəbəkəsi dövlətin rabitə sistemində də mühüm rol oynayırdı. Marşrutlar boyunca xüsusi dayanacaqlar və gecələmə məntəqələri yaradılmışdı. Təxminən hər 16 kilometrdən bir yerləşən atdəyişmə məntəqələri rəsmi elçilərin uzun məsafələri daha sürətlə qət etməsinə şərait yaradırdı.

Mənbənin məlumatına görə, bu sistem vasitəsilə imperiyanın rəsmi kuryerləri gündə 96 kilometrdən artıq məsafə qət edə bilirdilər. Beləliklə, Roma hakimiyyəti mərkəzdən minlərlə kilometr uzaqda yerləşən ərazilərlə əlaqəni qoruyub saxlaya bilirdi.

Qərbi Roma imperiyası 476-cı ildə süqut etsə də, onun yol infrastrukturu uzun müddət əhəmiyyətini itirməyib. Bu gün qorunub saxlanılan mil daşları qədim Romada nəqliyyatın təşkili, yol tikintisi və dövlət idarəçiliyi haqqında mühüm tarixi mənbələr hesab olunur.

Samir

0