Azərbaycan – Vyetnam münasibətləri: “Hər sahədə inkişaf edir”

SİYASƏT
10:19 / 20.11.2026
221

“Azərbaycan - Vyetnam münasibətləri uzun illər ərzində formalaşmış dostluq ənənələrinə, qarşılıqlı hörmətə və ortaq maraqlara söykənir”. 

Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu əlaqələrin tarixi yalnız 1992-ci ildə diplomatik münasibətlərin qurulması ilə məhdudlaşmır:


“1959-cu ildə Ho Şi Minin Bakıya, 1983-cü ildə isə Heydər Əliyevin Vyetnama səfəri xalqlarımız arasında qarşılıqlı etimadın möhkəm təməlini yaradıb. Bu tarixi irs bu gün də ikitərəfli münasibətlərin inkişafına mühüm mənəvi və siyasi dayaqdır.

Əlaqələrin inkişafında mühüm mərhələ 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri oldu. Səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev və To Lam iki ölkə arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat imzaladılar”.

Millət vəkili qeyd edib ki, bu sənəd ənənəvi dostluq münasibətlərini siyasi, iqtisadi və humanitar sahələrdə daha geniş əməkdaşlıq müstəvisinə çıxardı:
“Müdafiə, enerji, ədliyyə, rəqəmsal inkişaf, innovasiya və mədəniyyət sahələrində əldə olunan razılaşmalar tərəfdaşlığın konkret istiqamətlərini müəyyənləşdirdi. Bu gün Azərbaycan - Vyetnam əməkdaşlığının iqtisadi müstəvidə də real perspektivləri var. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. 

Enerji sahəsi münasibətlərin əsas istiqamətlərindən biridir: 2023-cü ildən Vyetnama Azərbaycandan 1,1 milyon tondan çox xam neft tədarük edilib. SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın genişləndirilməsi neft-qaz kəşfiyyatı, hasilat, emal və neft-kimya sahələrində yeni imkanlar yaradır. Bərpaolunan enerji sahəsində də birgə layihələrin müzakirəsi əməkdaşlığın gələcək perspektivlərini genişləndirir”.

Həmsöhbətimiz əlavə edib ki, iki ölkə arasında nəqliyyat və logistika sahəsi də tərəfdaşlığın mühüm istiqamətlərindəndir:
“Azərbaycanın əlverişli coğrafi mövqeyi və tranzit infrastrukturu Vyetnamın Cənub-Şərqi Asiya bazarlarını Avropa və Mərkəzi Asiya ilə əlaqələndirmək üçün əlavə imkanlar yaradır. 2026-cı ilin yanvar-sentyabr aylarında Vyetnamla bağlı tranzit daşımalarının Azərbaycan ərazisindən həcminin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artması bu istiqamətdə əməkdaşlığın potensialını göstərir.

Humanitar əlaqələr də Azərbaycan–Vyetnam dostluğunun mühüm dayağıdır. Vaxtilə Azərbaycanda təhsil almış minlərlə vyetnamlı mütəxəssisin öz ölkəsinin inkişafına töhfə verməsi xalqlarımız arasında xüsusi mənəvi körpü yaradıb. Bu ənənənin müasir dövrdə universitetlərarası əməkdaşlıq, tələbə və mütəxəssis mübadiləsi, elm və mədəniyyət layihələri vasitəsilə davam etdirilməsi münasibətlərə yeni məzmun qazandıra bilər”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin noyabrın 19-21-də Vyetnama rəsmi səfəri də məhz bu strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyətlidir: 
“Səfər çərçivəsində aparılacaq müzakirələr və əldə olunacaq razılaşmaların siyasi dialoqun genişlənməsinə, iqtisadi əlaqələrin şaxələndirilməsinə, qarşılıqlı investisiyaların artmasına və yeni birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir.

Azərbaycan Cənubi Qafqazın mühüm enerji və nəqliyyat qovşağı, Vyetnam isə Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadiyyatlarından biridir. Bu potensialın uzlaşdırılması hər iki ölkə üçün yeni bazarlara çıxış, investisiya imkanlarının genişlənməsi və texnologiya mübadiləsi deməkdir.

Hesab edirəm ki, Azərbaycan - Vyetnam münasibətlərinin gələcək inkişafında əsas hədəf mövcud siyasi iradəni konkret iqtisadi nəticələrə çevirmək, imzalanmış sənədlərin icrasını təmin etmək və tarixi dostluğu müasir dövrün tələblərinə uyğun yeni əməkdaşlıq layihələri ilə zənginləşdirməkdir. Bu tərəfdaşlıq həm ikitərəfli əlaqələrin, həm də Asiya ilə Avropa arasında iqtisadi və humanitar körpülərin möhkəmlənməsinə xidmət edə bilər”.

Elmir Mustafa

0