Cəmiyyətin gələcəyini proqnozlaşdıran riyazi modellər arasında ən etibarlısı demoqrafik proqnozlar hesab olunur. Bu modellər qarşıdakı 10 il üçün 98-99 faiz dəqiqliklə nəticə verməyə imkan yaradır.
HİT.az xəbər verir ki, bu barədə Rusiyanın Ali İqtisadiyyat Məktəbinin Sabitlik və Risklərin Təhlili Mərkəzinin direktoru, professor Andrey Korotayev “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Alimin sözlərinə görə, demoqrafik modellər vasitəsilə konkret şəhərdə 10 il sonra məktəblərin yeddinci sinifləri üçün nə qədər yerə ehtiyac olacağını indidən hesablamaq mümkündür. Çünki həmin vaxt məktəbə gedəcək uşaqlar artıq dünyaya gəliblər.
Korotayev izah edib ki, bu proqnozların yüksək dəqiqliyi hesablamaların xüsusiyyətindən irəli gəlir. Gələcəkdə məktəbli və ya pensiyaçı olacaq insanların sayı artıq mövcud olan nəsillərin yaş göstəriciləri, ölüm səviyyəsi və miqrasiya nəzərə alınmaqla hesablanır.
Onun fikrincə, bu hesablamalarda ciddi yanılmaya səbəb ola biləcək əsas amillər pandemiya kimi əvvəlcədən proqnozlaşdırılması çətin olan böyük hadisələrdir.
Professor qeyd edib ki, demoqrafik proqnozlar yalnız elmi hesablamalar deyil, həm də praktiki idarəetmə vasitəsidir. Məsələn, hazırda bəzi şəhərlərdə uşaq bağçaları və məktəblərdə boş yerlər olsa da, yeddi il sonra həmin müəssisələrdə sıxlıq yarana bilər. Demoqrafik modellər bu dəyişiklikləri əvvəlcədən görməyə və təhsil müəssisələrinin tutumunu düzgün planlaşdırmağa imkan verir.
Bundan başqa, belə modellər dövlətin sosial siyasətinin nəticələrini də qiymətləndirməyə kömək edir. Alimin sözlərinə görə, doğum səviyyəsinə dəstək və miqrasiya göstəricilərindən asılı olaraq ölkə əhalisinin 50 ildən sonra necə dəyişəcəyini hesablamaq mümkündür.
Hətta analıq kapitalının məbləğinin üçdəbir artırılması kimi qərarların gələcəkdə əhali sayına mümkün təsirini də modelləşdirmək olar.
Korotayev hesab edir ki, demoqrafik proqnozların əsas üstünlüyü dövlətə gələcək ehtiyacları əvvəlcədən müəyyənləşdirmək və təhsil, səhiyyə, eləcə də digər infrastruktur sahələrində düzgün qərarlar qəbul etmək imkanı yaratmasıdır.
Samir


