Arxeoloqların aşkarladığı qədim daşlar və yenidən toplanmış əmək alətləri insanın yaddaş və xatirə anlayışının tarixinin düşündüyümüzdən daha qədim ola biləcəyini göstərir. Yeni araşdırmaya görə, insan əcdadları təxminən 500 min il əvvəl heç bir praktiki əhəmiyyəti olmayan bəzi daşları və köhnə alətləri xatirə kimi qoruyub saxlayıblar.
HİT.az xəbər verir ki, bu barədə “CHIP” nəşri Tel-Əviv Universitetinin tədqiqatına istinadən məlumat yayıb.
Alimlər Homo erectus və erkən neandertalların yaşadığı dövrə aid bu davranışı “xatirə əşyaları toplamaq” kimi izah edirlər. Onların fikrincə, qədim insanlar bəzi əşyaları yalnız istifadə etmək üçün deyil, müəyyən hadisələri və yaşadıqları təcrübələri xatırlamaq məqsədilə də saxlamış ola bilərlər.
Qədim mağaralarda rəngli daş kolleksiyaları
Araşdırmanın əsas diqqət mərkəzində Şərqi Aralıq dənizinin Levant bölgəsindəki qədim yaşayış məskənləri olub.
İsraildə yerləşən Qesem mağarasında 400-200 min il əvvələ aid təbəqələrdə funksional məqsədi müəyyən edilməyən rəngli çay daşları aşkarlanıb. Bu daşların təsadüfən deyil, müəyyən ardıcıllıqla toplanması alimlərin diqqətini çəkib.
Sakhnin vadisində tapılan əl baltaları da maraqlı nümunələr sırasındadır. Ehtimal olunur ki, qədim insanlar bu alətləri hazırlamaq üçün emalı çətin olan kristallı və geod tərkibli süxurları seçiblər. Tədqiqatçılar hesab edirlər ki, bu seçim yalnız praktiki ehtiyaclarla bağlı olmaya, daşların özünəməxsus görünüşü və simvolik əhəmiyyəti də rol oynaya bilərdi.
Revadim, Jaljulia və Qesem mağarasında isə əvvəllər istifadə edilmiş, uzun müddət təbiətdə qaldıqdan sonra yenidən toplanmış çaxmaqdaşı alətlər aşkar edilib. Onların səthindəki ikiqat aşınma və oksidləşmə izləri müxtəlif dövrlərdə istifadə və təbii təsirlərə məruz qaldıqlarını göstərir.
Alimlərin diqqətini çəkən məqamlardan biri də qədim insanların bu alətlərin köhnəlmiş səthlərini dəyişdirməməsi ehtimalıdır. Bu, əşyaların əvvəlki görünüşünün qorunmasına xüsusi əhəmiyyət verildiyini göstərə bilər.
Daşlar yaddaş vasitəsi rolunu oynayıb?
Tədqiqatın ən maraqlı ehtimallarından biri qədim insanların topladıqları əşyalardan bir növ xarici yaddaş vasitəsi kimi istifadə etməsidir.
Alimlərin fikrincə, müəyyən ərazidən götürülən daş və ya köhnə alət həmin yerdə baş vermiş hadisəni, qarşılaşmanı və ya uğurlu ov təcrübəsini xatırlada bilərdi. Beləliklə, əşyalar insanın xatirələrini konkret məkanlarla əlaqələndirməsinə kömək edirdi.
Tədqiqatçılardan Ran Barkai bu davranışın təxminən 500 min il əvvəl genişlənməsini ətraf mühitdə baş verən dəyişikliklərlə əlaqələndirir. Həmin dövrdə fillər kimi iri heyvanların azalması qədim ovçu-yığıcıları yeni qida mənbələri axtarmağa məcbur edib. Onlar ceyran və vəhşi öküz kimi heyvanların yaşadığı fərqli əraziləri öyrənməli olublar.
Barkainin ehtimalına görə, yeni ərazilərdən götürülən əşyalar insanların həmin məkanlarla şəxsi bağlılıq yaratmasına xidmət edə bilərdi.
Xatirələr insan kimliyinin formalaşmasına təsir edib
Araşdırmanın müəlliflərindən Yoav Ram hesab edir ki, qədim insanların maraqlı daşları və köhnə alətləri yaşadıqları mağaralara aparması müəyyən hadisələri uzun müddət yadda saxlamağa kömək etmiş ola bilər.
Alimlər bu davranışın avtobioqrafik yaddaşın, yəni insanın öz həyatında baş verən hadisələri xatırlamaq qabiliyyətinin inkişafına təsir göstərmiş ola biləcəyini də istisna etmirlər.
Bununla belə, tədqiqatçılar irəli sürülən fikirlərin hələlik fərziyyə olduğunu vurğulayırlar. Qədim insanların həmin əşyaları hansı məqsədlə topladığını dəqiq müəyyənləşdirmək mümkün deyil. Ola bilsin ki, onlar daşları sadəcə görünüşünə görə bəyənib və maraqlı hesab etdikləri üçün saxlayıblar.
Araşdırmanın nəticələri “Evolutionary Anthropology” jurnalında dərc olunub.
Samir


