Kişilərə prostat vəzi xərçənginin erkən aşkarlanması məqsədilə ilk müayinədən 45-50 yaşlarında keçmək tövsiyə olunur. Müayinəyə başlama yaşı isə ailədə bu xəstəliyin olub-olmamasından asılıdır.
HİT.az xəbər verir ki, bu barədə braziliyalı onkoloq Markos Trindade “Metropoles” nəşrinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, ailəsində prostat xərçəngi diaqnozu qoyulmuş yaxın qohumu olmayan kişilər müntəzəm müayinələrə 50 yaşından başlamalıdırlar. Yaxın qohumlarında bu xəstəlik aşkarlanan və irsi meyilliliyi olan kişilər üçün isə ilk müayinə yaşı 45 olaraq müəyyən edilir.
Onkoloq qeyd edib ki, prostat xərçənginə tutulma riski yaş artdıqca əhəmiyyətli dərəcədə yüksəlir. Bu, zaman keçdikcə hüceyrələrdə genetik zədələnmələrin toplanması və onların nəzarətsiz çoxalmasına səbəb ola biləcək dəyişikliklərin yaranma ehtimalının artması ilə əlaqələndirilir.
Mütəxəssis artıq çəki, balanssız qidalanma, siqaret çəkmək, hərəkətsiz həyat tərzi və spirtli içkilərdən istifadəni də xəstəliyin risk amilləri sırasında göstərib.
Prostat xərçənginin aşkarlanması üçün əsas müayinə üsullarından biri qanda prostata spesifik antigenin (PSA) səviyyəsinin müəyyən edilməsidir. Zərurət yarandıqda həkim barmaqla rektal müayinə də apara bilər. Bununla belə, PSA göstəricisinin yüksək olması mütləq xərçəng diaqnozu demək deyil. Dəqiq nəticə üçün əlavə müayinələr tələb oluna bilər.
Trindade xatırladıb ki, prostat vəzi xərçəngi ilkin mərhələlərdə çox vaxt heç bir əlamət vermədən inkişaf edir. Buna görə də şikayətlərin olmaması xəstəliyin mövcud olmadığı anlamına gəlmir.
Samir


