Bazardakı pirojkilərin dadını evdə də hazırlamaq mümkündür. Xüsusilə mayonez əlavə edilən maya xəmiri ilə bişirilən pirojkilər həm yumşaq, həm də üzəri xırtıldayan alınır.
HİT.az xəbər verir ki, resept Ukraynanın “LOZOVSKI” YouTube kanalında paylaşılıb. Bu üsulla hazırlanan pirojkilərin içliyi zövqə görə dəyişdirilə bilər. Kartof püresi, kələm, ət və ya mürəbbədən istifadə etmək mümkündür.
Lazım olan ərzaqlar:
- 450 qram un;
- 250 ml ilıq su;
- 2 xörək qaşığı mayonez;
- 15 qram təzə və ya 6 qram quru maya;
- 1 xörək qaşığı şəkər;
- 1 çay qaşığı duz;
- zövqə uyğun içlik;
- qızartmaq üçün 300 ml duru yağ.
Hazırlanma qaydası:
Əvvəlcə maya ilıq suda həll edilir. Üzərinə şəkər, duz və mayonez əlavə olunaraq qarışdırılır. Daha sonra ələnmiş un tədricən qarışıma tökülür və əvvəlcə qaşıqla, sonra əllə vahid xəmir yoğrulur.
Xəmir dərin qaba qoyulur, üzəri qida plyonkası və dəsmalla örtülür. Təxminən bir saat isti yerdə saxlanılır. Bu müddətdə xəmirin həcmi iki dəfə artmalıdır.
Sonra xəmir təxminən 10 bərabər hissəyə bölünür və kündələnir. Kündələr un səpilmiş səthdə daha 8 dəqiqə saxlanılır. Ardınca hər biri nazik yayılır, ortasına bir xörək qaşığı içlik qoyulur və kənarları birləşdirilərək pirojki forması verilir.
Tavada yağ qızdırıldıqdan sonra ocağın temperaturu orta səviyyəyə endirilir. Pirojkilər hər iki tərəfi yaxşı qızarana və içərisi tam bişənədək bir neçə dəfə çevrilərək qızardılır.
Hazır pirojkiləri artıq yağın çəkilməsi üçün kağız salfetlərin üzərinə düzmək məsləhətdir. Reseptin əsas üstünlüyü mayonezli xəmirin yumşaqlığını və pirojkilərin üzərində yaranan xırtıldayan qabığı qorumasıdır.
Samir


