Hər il minlərlə kilometr məsafə qət edərək isti ölkələrə köçən quşlar yazda yenidən əvvəlki yaşayış yerlərinə qayıdırlar. İlk baxışdan daha rahat görünən isti iqlimdə ilboyu qalmaq əvəzinə uzun və çətin səfərə çıxmalarının isə bir neçə mühüm səbəbi var.
Qaynarinfo xəbər verir ki, bu barədə UNIAN nəşri yazıb.
Məlumata görə, Ukraynada 200-dən çox köçəri quş növü var. Leyləklər, qaranquşlar, sığırçınlar, ququ quşları, durnalar və bülbüllər qış aylarında Afrika və Cənubi Asiyanın daha isti bölgələrinə üz tuturlar. Lakin bu ərazilər onlar üçün daimi yaşayış məskəni deyil, müvəqqəti sığınacaq rolunu oynayır.
Quşların yazda geri qayıtmasının əsas səbəblərindən biri isti ölkələrdəki yüksək rəqabətdir. Qışladıqları ərazilərdə çoxsaylı yerli quş növləri yaşayır. Köçəri quşlar həmin bölgələrdə qalmağa çalışsalar, yuva qurmaq və balalarını qidalandırmaq üçün kifayət qədər yer və yem tapmaqda çətinlik çəkə bilərlər.
Bundan başqa, tropik bölgələrdə yuvalara təhlükə yaradan yırtıcıların sayı daha çoxdur. Mülayim iqlim qurşağında isə bəzi rəqib və təhlükəli canlılar, o cümlədən ilanlar soyuq qış şəraitində sağ qala bilmir. Bu da quşların öz doğma ərazilərində bala böyütmək imkanlarını artırır.
Digər mühüm amil günün uzunluğu ilə bağlıdır. Ekvatora yaxın ölkələrdə gecə və gündüzün müddəti ilboyu təxminən eyni qalır. Azərbaycanda və digər mülayim iqlimli ölkələrdə isə yay aylarında gündüzlər xeyli uzanır. Beləliklə, quşlar səhərdən axşama qədər daha çox vaxt ərzində yem axtara və balalarını qidalandıra bilirlər.
Yay mövsümündə bitki örtüyünün və həşəratların çoxalması da mühüm rol oynayır. Bu dövrdə quşların balaları üçün zülalla zəngin qida tapmaq daha asan olur. Nəticədə onların sağlam böyüməsi və yaşamaq ehtimalı yüksəlir.
Bununla belə, bütün quşlar yazda geri qayıtmır. Xüsusilə yaşlı və ya zəif fərdlərin bir qismi qışladıqları ərazilərdə qala bilər. Buna səbəb sağlamlıq vəziyyəti və bala böyütmək ehtiyacının olmaması ola bilər.
Beləliklə, quşların mövsümi köçü təkcə soyuqdan qorunmaqla bağlı deyil. Bu səfərlər həm də daha əlverişli şəraitdə yuva qurmaq, qida tapmaq və nəslin davamını təmin etmək strategiyasıdır.
Samir


