"Dövlət başçısı cənab İlham Əliyev öz siyasi iradəsini ortaya qoyaraq, Azərbaycanda yaranmış bir sıra xaotik prosesləri nizamlamaq qərarına gəlib və bu yöndə də çox ciddi atımlar atır".
Hit.Az-ın xəbərinə görə, bu sözləri Reaksiya TV-nin "Siyasi reaksiya" verilişinin qonağı olan Milli Məclisin üzvü Vahid Əhmədov deyib.
Deputat daha sonra mövzu ilə əlaqədar fikirlərinə bu cür davam edib:
"İcra başçılarının müəyyən məsuliyyətə cəlb edilməsi, həbs edilməsi, rüşvət və korrupsiya hallarının müəyyən qədər qarşısının alınması artıq labüd idi. Birincisi, cəmiyyətdə bu proseslər gedirdi, mətbuat bu barədə geniş yazılar yazırdı. Amma diqqət mərkəzində buna o qədər də fikir verilmirdi. Artıq elə bir vəziyyət gəlib çatdı ki, pandemiya bir sıra məsələləri üzə çıxardı. İnsanlara verilən yardımların yeyilməsi kimi hadisələr ciddi proseslərdir. İkincisi, çox vaxt deyirlər ki, niyə bu proseslər gecikdi? Bu proseslər, ağır proseslərdir. Uzun müddət vəzifədə olmuş insanları vəzifədən kənarlaşdırmaq, onları məsuliyyətə cəlb etmək o qədər də asan məsələ deyil. Çünki onların da ətrafında müəyyən qruplar və adamlar var. Bilirsiniz ki, Azərbaycanda mümkündür belə hadisələr. Bütün bunları nəzərə alan dövlət başçısı məqamı gəlib çatdı və belə addımları atmağa başladı. Bu addımlar bir neçə icra başçısı ilə kifayətlənməməlidir".