Qadın cinayətləri niyə artır? - "Namus anlayışı..."

SOSİAL
16:52 / 15.11.2023
909

"Məişət zorakılığı Azərbaycanda və ümumiyyətlə dünyada çox aktual məsələdir".

Bu sözləri HİT.az-a açıqlama verən uzman psixoloq Ləman Əlizadə deyib.

O bildirib ki, məişət zorakılığı bizim cəmiyyətimizdə də var olan çox kəskin problemdir:
"Çox təəssüflər olsun ki, ailələr tərəfindən bu problemin üstü örtülməyə çalışılır və gizlədilir. Amma bunun haqqında danışmaqda fayda var. Düşünürəm ki, bu məsələ barədə danışmaq bir çox insanlara kömək də edə bilər. Məişət zorakılığı deyəndə psixoloji, fizioloji və emosional şiddət nəzərdə tutulur. Son dövrlərdə qadın cinayətlərinin də artması məişət probleminin necə kəskin olduğunu göstərir. Bunun bir çox səbəbləri ola bilər".

Psixoloq səbəblərdən də bəhs edib:

"Birincisi, qadın düşmənliyi və cinsi bərabərliyin olmamasıdır. İkincisi, ailələri tərəfindən bəzi qadınların təhsil və iş kimi sosial həyatları əllərindən alınmağa çalışılır. Belə olan hallarda da qadın cinayətləri baş verir. Həmçinin, cəmiyyətin mentalitet düşüncələrinə əsasən həyat yoldaşları qadınları idarə altında saxlanılmaq istəyirlər. Bu qadının rahat bir şəkildə öz iradəsi ilə qərar almasına və həyatını idarə etməsinə əngəl törədir. 

Eyni zamanda, kişilərin özgüvənsiz olması və özlərinin güclərini qadınlar üzərində ispat etmə çabaları da var. Bunların nəticəsində əsəblərini idarə edə bilməyən kişilər tərəfindən qadınlar qətlə yetirilir. Bəzən ailədaxili şiddətin artması da qadın cinayətlərinə səbəb olur".

Mütəxəssis diqqətə çatdırıb ki, evlilikdə sözlü və ya fizioloji şiddətin olması qadının özünə də zərər yetirməsinə gətirib çıxara bilir:
"Həmçinin, kişilərin bəzilərini qadınların ayrılmaq istəyini qəbul etməyərək cinayətə əl atırlar. Bir tərəfdən, ya qadın özünə qəsd edir, ya da ayrılmaq istədiyi zaman cinayətə qurban gedir. Ümumiyyətlə, kişilərin böyüdülmə tərzi, cəmiyyətin düşüncə forması, mentalitet və kişilərin öz düşüncələrini qadınların üzərində tətbiq etməyə çalışması bu halları normallaşdırır.

Yəni belə düşüncələrin olması və ya namus anlayışına görə qadın cinayətləri həddindən artıq çoxalır. Bunun qarşısının alınmasında isə təhsilin, fərqindəliyin və maarifləndirmənin artırılması lazımdır. Həmçinin, qadınların öz haqlarını və hüquqlarını bilməsi çox önəmlidir".

Pərviz

0