Qədim Misirin məşhur "Ölülər kitabı" tapıldı

DÜNYA
20:57 / 26.06.2026
57

Qədim Misirlilər axirət həyatına böyük önəm verərək məzarlarına daxili orqanların saxlanılması üçün kanop qabları, qoruyucu amuletlər, uşəbti heykəlcikləri və ölülər üçün nəzərdə tutulmuş sehrli mətnlər yerləşdirirdilər. 

HİT.az xəbər verir ki, "Popular Mechanics" nəşrinin yazdığına görə, Əl-Qurayfa ərazisində tapılan bu papirus həmin ənənənin ən diqqətçəkən nümunələrindən biridir.

Misir rəsmiləri bildiriblər ki, bu, Əl-Qurayfa bölgəsində aşkarlanan ilk tam "Ölülər kitabı" papirusudur və olduqca yaxşı vəziyyətdə qorunub saxlanılıb. Bunu o dövrdə Misirin Qədim Əsərlər üzrə Ali Şurasının baş katibi olmuş Mustafa Vaziri də təsdiqləyib.

Nekropol Yeni Çarlıq dövrünə (e.ə. təxminən 1550–1070-ci illər) aiddir. Qazıntılar zamanı qayaya oyulmuş məzarlar, mumiyalar, amuletlər, heykəllər, kanop qabları və uzun papirus rulonu aşkar olunub. Məzar kompleksi Nani, Ta-de-İsa və Cehuti-Mes kimi şəxslərlə əlaqələndirilir.

Mənbələrə görə, papirusun uzunluğu müxtəlif hesablamalarda 13–18 metr arasında göstərilir.

Almaniyadakı "Roemer and Pelizaeus" Muzeyinin direktoru Lara Vays bildirib:

"Əgər papirus həqiqətən bu qədər uzun və yaxşı qorunubsa, bu, şübhəsiz ki, çox əhəmiyyətli və maraqlı tapıntıdır."

Çikaqo Universitetinin misirşünası Foy Skalf isə qeyd edib ki, "Ölülər kitabı"nın orijinal dəfn olunduğu məzarda tapılması olduqca nadir hadisədir. Onun sözlərinə görə, rəsmi fotoşəkillər və mətnin tam təsviri dərc edilmədən tapıntının bütün xüsusiyyətlərini qiymətləndirmək çətindir.

Müasir tədqiqatçılar tərəfindən "Ölülər kitabı" adlandırılan əsərin əsl adı "Gündüzə çıxış kitabı" kimi tərcümə olunur. Bu mətnlər qədim misirlilərin axirət həyatı ilə bağlı dini inanclarını və mərasimlərini əks etdirən əsas mənbələrdən biri hesab edilir.

Alimlər bildirirlər ki, hər yeni tapılan nüsxə qədim Misirin dini dünyagörüşünün daha dərindən öyrənilməsinə imkan yaradır və mövcud elmi yanaşmaların yenilənməsinə səbəb olur.

Misirin Turizm və Qədim Əsərlər Nazirliyi papirusun gələcəkdə Böyük Misir Muzeyində nümayiş etdiriləcəyini açıqlayıb. Muzey hazırda sınaq rejimində fəaliyyət göstərir və rəsmi açılışının 3 iyul 2026-cı il tarixinə planlaşdırıldığı bildirilir.

Qazıntılar zamanı papirusdan əlavə daş və taxta tabutlar, mumiyalar, kanop qabları, minlərlə amulet və 25 mindən çox uşəbti heykəlciyi də aşkar edilib. Ən diqqətçəkən eksponatlardan biri isə ali kahin Ereta Harunun qızı Ta-de-İsaya aid olduğu bildirilən naxışlı və rənglənmiş tabut, onun kanop qabları, uşəbti dəsti və dəfn tanrısı Ptah-Sokara aid heykəlcik olub.

Samir
 

0