Qonşu inamından uşaq faciəsinə - Biz harada yanıldıq?

SOSİAL
10:44 / 21.04.2026
53

Ucar rayonundan gələn son xəbər sadəcə quru bir informasiya deyil; bu, 15 yaşlı bir uşağın əlindən alınan uşaqlığı, darmadağın edilmiş gələcəyi və hamımızın üzünə çırpılan acı bir həqiqətdir. Bir anlıq dayanıb düşünək: 15 yaş... Oyuncaqlardan kitablara, xəyallardan gələcək planlarına keçid dövrü. Amma bu gün biz o yaşda bir uşağın ana olmasından, təcavüzdən və qonşu xəyanətindən danışırıq.

​"Gedişli-gəlişli" olduğumuz uçurumlar

​Ananın verdiyi açıqlamada ən sarsıdıcı məqam budur: "O qonşu ilə gedişli-gəlişli olmuşuq, yaxın idik". Bizim cəmiyyətdə "qonşu" anlayışı ailənin bir üzvü kimidir. Qapımızı ona etibar edirik, süfrəmizin başında oturduruq. Amma görünür, bu etibar bəzən ən böyük təhlükənin pərdəsi olur. İnamın başladığı yerdə ehtiyatın bitməsi, təəssüf ki, uşaqlarımızın həyatı bahasına başa gəlir. "Tanıyırıq", "yaxın adamdır", "bizimkilərdəndir" deyərək keçdiyimiz hər məqam, əslində uşağımızı yırtıcının qarşısında müdafiəsiz qoymaqdır.

​Sükutun və gecikmiş həqiqətin qiyməti

​Hadisənin martın 31-də, yalnız həkim müayinəsi zamanı üzə çıxması və 20 gün də gizlədilməsi başqa bir dərddir. Bir uşaq aylarla bu dəhşəti təkbaşına yaşayıb, qorxub, susub və bəlkə də hər gün həmin "yaxın qonşu" ilə göz-gözə gəlib. Biz uşaqlarımıza bədənlərini qorumağı, "yox" deməyi, baş verən hər hansı qeyri-adi halı valideyni ilə bölüşməyi öyrətmədikcə, belə xəbərləri oxumağa davam edəcəyik. 15 yaşlı bir qızın hamiləliyini doğuşa yaxın fərq etmək, valideyn-övlad arasındakı ünsiyyət uçurumunun dərinliyini göstərir.

​DNT-nin cavabı və vicdanın səsi

​Qarşı tərəf "şər-böhtan" deyərək müdafiə olunur, DNT nəticələrini gözləyir. Bəli, hüquq öz sözünü deyəcək, günahkar kimdirsə qanun qarşısında cavab verəcək. Lakin qanunun verəcəyi cəza o uşağın itirilmiş məsumiyyətini geri qaytaracaq? O körpənin – uşağın uşağının – gələcək taleyi necə olacaq? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları iş başındadır, lakin məsələ təkcə cəza kəsmək deyil, bu cür hadisələrin kökünü kəsməkdir.

​Bu hadisə Ucarın bir kəndində baş verən lokal bir hadisə deyil. Bu, hər birimizin qapısının ağzında dayanan təhlükədir. Biz nə zamana qədər "ayıbdır", "qonşudur", "el-aləm nə deyər" tabuları ilə uşaqlarımızın həyatını qurban verəcəyik? Təcavüz bir cinayətdir, pedofiliya bir xəstəlik və cinayətdir. Bunun "yaxın qonşusu", "tanışı" olmur.

​Biz uşaqlarımıza inanmağı, onları dinləməyi və hər şeydən əvvəl onları qorumağı yenidən öyrənməliyik. Yoxsa bu gün Ucarda doğulan o körpə, hamımızın vicdanının üzərinə ağır bir yük kimi çökəcək.

​Uşaqlarımızı qoruya bilmiriksə, cəmiyyət olaraq mövcudluğumuzun nə mənası var?

Emin Tarverdiyev
"Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri

0