“Bəzən insan elə bir hiss yaşayır ki, sanki hər şey dayanır, diqqət yalnız bir nöqtəyə yığılır, düşüncələr qarışır, amma eyni zamanda xoş bir həyəcan olur”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu hal psixologiyada çox vaxt aşiq olma mərhələsi kimi izah olunur:
“Bu dövrdə beyində aktivlik artır, dopamin və noradrenalin kimi maddələr yüksəlir və insan qarşı tərəfi daha çox idealizə etməyə başlayır. Hətta bəzən real olmayan bir “mükəmməllik” qavrayışı yaranır. Lakin maraqlı olan odur ki, bu vəziyyət uzunmüddətli olmur”.
Ekspert qeyd edib ki, zaman keçdikcə həmin güclü həyəcan azalır və hisslər daha sakit formaya keçir:
“İnsan artıq qarşısındakı insanı təkcə duyğularla yox, daha real tərəfləri ilə görməyə başlayır. Məhz bu dəyişiklik çox vaxt “sevgi bitdi” kimi yanlış anlaşılır, halbuki bu, yeni bir mərhələnin başlanğıcıdır. Bu mərhələdə beyində bağlanma sistemləri aktivləşir. Oksitosin kimi hormonlar daha çox rol oynayır və münasibət artıq təkcə həyəcan üzərində yox, güvən, yaxınlıq və sabitlik üzərində qurulmağa başlayır. Yəni emosional fırtına sakitləşir, amma daha dərin bir bağ formalaşır”.
Psixoloq aşiq olmaq hissinin keçici olub-olmadığı barədə də danışıb:
“Əslində, məsələ “keçicidir, yoxsa qalıcıdır” sualında deyil. Aşiq olmaq bir başlanğıc hissidir - güclü, sürətli və emosional. Sevgi isə bu hissdən sonra necə bir münasibət qurulduğuna bağlıdır. Bəzən insanlar həmin ilk həyəcanı sevgi sanır, amma o hiss dəyişəndə çaşqınlıq yaşayır.
Psixoloji baxımdan sevgi hissdən çox prosesdir. Yəni təkcə nə hiss etdiyin deyil, o hissin içində necə davrandığın, necə seçimlər etdiyin və münasibəti necə saxladığın daha çox önəmlidir. Bütün bunları anlamaq bir şeyi dəyişir: insan hisslərin içində itib getmir, hissləri tanımağı öyrənir”.
Ülviyyə Ağazadə diqqətə çatdırıb ki, hisslər gəlir və gedir, amma onların necə idarə edilməsi münasibətin keyfiyyətini müəyyən edir:
“Bəzən bir insanı “çox sevirəm” demək, onunla uyğun olmaq demək deyil. Bəzən isə hisslər sakitləşəndən sonra başlayan yaxınlıq, əsl bağın özüdür. Ona görə də sevgi yalnız ilk həyəcanla ölçülmür, zamanla necə davam etdiyinlə ölçülür. Nə aşiq olmaq təsadüfdür, nə də sevgi sadəcə hissdir. Hər ikisi insan psixikasının bir mərhələsidir, sadəcə biri başlanğıcdır, digəri isə seçilən yoldur”.
Pərviz



