Son illərdə paytaxt Bakı sürətlə böyüyən və modernləşən şəhərlərdən birinə çevrilib.
Lakin bu inkişaf urbanistik balansın pozulması ilə müşayiət olunur. Tikinti bumunun plansız xarakter alması, əmək miqrasiyası və avtomobillərin sayının kəskin artması şəhərin əsas problemlərindən birinə - nəqliyyat sıxlığına gətirib çıxarıb. Bu gün orta gəlirin yüksəlməsi və kredit imkanlarının genişlənməsi şəxsi avtomobili daha əlçatan edib. Buna baxmayaraq, şəhərin küçə və yol infrastrukturu sözügedən artımı qarşılamaq üçün yetərincə genişləndirilməyib.
Nəticədə, pik saatlarda əsas prospektlərdə uzun tıxaclar yaranır, bu isə həm iqtisadi itkilərə, həm də ekoloji problemlərə səbəb olur. Şəxsi avtomobillərə üstünlük verilməsi ictimai nəqliyyatın cazibədarlığının azalması ilə də bağlıdır. Avtobusların gecikməsi, marşrutların optimal planlaşdırılmaması və sərnişin sıxlığı insanları alternativ axtarmağa məcbur edir.
AMEA Memarlıq və İncəsənət İnstitutu Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi, memar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Məmmədkərimova Hit.az-a açıqlamasında bildirib ki, urbanizmin həm müsbət, həm də mənfi tərəfləri var.
“Şəhər həyatının sürətli inkişafı, yüksək sıxlıq və mürəkkəb sosial mühit insan psixologiyasına və emosional vəziyyətinə birbaşa təsir göstərir. Tədqiqatlara görə, şəhər sakinləri kənd yerlərində yaşayan insanlara nisbətən daha yüksək stress səviyyəsi yaşayırlar. Bunun səbəbləri arasında səs-küy, sıxlıq, iş və sosial təzyiqlər, nəqliyyat problemləri və gündəlik həyatda empati çatışmazlığı kimi faktorlar var.
Eyni zamanda, şəhər həyatı böyük imkanlar yaradır - mədəniyyət, təhsil, texnologiya və iş imkanları insanın inkişafına şərait yaradır. Lakin bu imkanlar hər kəs üçün eyni dərəcədə təsirli olmur; xüsusilə adaptasiya çətinliyi olan insanlar üçün şəhər mühiti daha gərgin və yükləyici ola bilər”.
Memar hesab edir ki, urban inkişafı artdıqca insan davranışlarında da dəyişikliklər müşahidə olunur - daha çox əldə etmək istəyi, daha sürətli yaşamaq təzyiqi və davamlı uyğunlaşma ehtiyacı yaranır:
“Bakıda artıq hər 3 nəfərə təxminən 1 avtomobil düşür. Bir zamanlar şəhərin simvolu olan tramvay xətləri isə mərhələli şəkildə ləğv edilərək yerini daha çox şəxsi avtomobillərə və nəticədə şəhər sıxlığına verdi. 2000–2004-cü illər arasında tramvay və trolleybus sistemləri istifadədən çıxarıldı. Halbuki bu nəqliyyat növləri yalnız sərnişin daşımırdı - eyni zamanda şəhərin ekoloji balansına, hava keyfiyyətinə və hərəkət rahatlığına müsbət təsir göstərirdi. Bu gün Bakı daha çox avtomobil yönümlü şəhər kimi formalaşır. Nəticədə, sıxlıq, səs-küy və nəqliyyat yükü artır, şəhər mühiti isə daha gərgin hala gəlir”.
Mütəxəssis problemdən çıxış yolu kimi atılası vacib addımları sadalayıb:
“Birinci növbədə ictimai nəqliyyatın modernləşdirilməsi sürətləndirilməli, xidmət keyfiyyəti yaxşılaşdırılmalıdır. Tramvay və ya yüngül relsli sistemlərin bərpası yaxşı olardı. Yaşıl nəqliyyata keçid sürətləndirilməli, velosiped nəqliyyatı populyarlaşdırılmalıdır. Yalnız bundan sonra avtomobil istifadəsinin məhdudlaşdırılması üçün təşviqedici və tənzimləyici tədbirlər həyata keçirilə bilər”.
Elmir Mustafa



