Ədliyyə naziri Fərid Əhmədov son açıqlaması ilə diqqət çəkib.
O, hüquq sahəsində kadr hazırlığı ilə bağlı mövcuddən danışıb. Nazirin sözlərinə görə, ölkədə hüquqşünaslara olan tələbat hələ də tam qarşılanmır və bazarda müəyyən boşluqlar qalmaqdadır.
Maraqlıdır ki, hüquq ali təhsil müəssisələrində hüquq ixtisası ən çox seçilən sahələrdən biri hesab olunur. Lakin yüksək keçid balları və abituriyentlərin bu istiqamətə böyük marağı fonunda belə bir çatışmazlığın yaranması müəyyən sualların yaranmasına səbəb olur. Bu ziddiyyət məsələnin yalnız sayla bağlı olmadığını göstərir.
Ehtimal olunur ki, əmək bazarının gözləntiləri ilə ali məktəblərdə verilən təhsil arasında uyğunsuzluq mövcuddur. Bundan başqa, gənclərin peşə seçiminə yanaşmasında da müəyyən dəyişikliklərin baş verdiyi istisna edilmir. Yəni hüquq sahəsində yaranan bu vəziyyət həm təhsil sisteminin keyfiyyəti, həm də kadrların real bazar tələblərinə uyğunluğu məsələsini yenidən gündəmə gətirir.
Təhsil eksperti Elçin Murad Hit.az-a açıqlamasında deyib ki, bazarda hüquqşünaslıq fakültəsi üzrə kadrların sayının az olmasının əsas səbəblərindən biri bu ixtisasın yalnız az sayda universitetdə tədris olunmasıdır:

“Bununla yanaşı, bu ixtisasa qəbul balı da kifayət qədər yüksəkdir. Həmçinin, bu ixtisası oxumaq hər kəs üçün asan deyil, çünki fakültədə tədris olunan dərslər mürəkkəbdir. Qanunların əzbərlənməsi və yadda saxlanılması bəzi abituriyentlər üçün çətinlik yaradır”.
Ekspert qeyd edib ki, məzunların işlə təmin olunması ilə bağlı narahatlıqlar da onların bu ixtisasa marağının azalmasına təsir göstərir:
“Mövcud vəziyyətin aradan qaldırılması üçün hüquqşünaslıq ixtisası üzrə qəbul balının müəyyən qədər aşağı salınması və bu ixtisasın daha çox universitetdə tədris olunması məqsədəuyğun hesab edilə bilər”.
Günel Cəlilova


