Qadağaya rəğmən qohum evlilikləri DAVAM EDİR

SOSİAL
13:53 / 20.04.2026
77

Azərbaycanda yaxın qohumlar arasında nikah qanunvericiliklə qadağan edilsə də, bəzi bölgələrdə bu ənənə hələ də tam aradan qalxmayıb. 

Son günlər Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladlarının ailə qurması ilə bağlı yayılan məlumat da bu problemin aktuallığını bir daha gündəmə gətirib.

Qeyd edək ki, bəzi ailələrdə qohum evlilikləri uzun illər formalaşmış ənənə kimi qəbul edilir və bu yanaşma nəsildən-nəslə ötürülür. Digər tərəfdən, xüsusilə kənd yerlərində ailələrin bir-birini yaxşı tanıması, “etibarlı seçim” kimi qohumlara üstünlük verilməsi də bu tendensiyanı gücləndirir. Bu kimi faktlar onu göstərir ki, qadağaya rəğmən ölkədə hələ də qohum evlilikləri davam edir. 

Maraqlıdır, yaranmış vəziyyətin qarşısı hələ də niyə tam şəkildə alınmır?

Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında bildirib ki, ötən ildən qüvvəyə minən qohum evliliklərinin qadağan olunması haqqında qanun təəsüf ki, reallıqda tam şəkildə öz əksini tapmır:

397075

“Təəssüf ki, hələ də cəmiyyətimizdə uzun onilliklərdir bizimlə “yol gələn” zərərli streotiplərdən qurtulmaq mümkünsüzdür. Hələ də ailə dəyərləri, nigah və sağlamlıq barədə demək olar ki, ortabab səviyyədə belə olsun təbliğat işi aparılmır, insanların maarifləndirilməsi üçün tutarlı informasiya siyasəti yürüdülmür. Əfsuslar olsun ki, biz yenə də ənənəvi, insan düşüncəsinə heç bir təsiri olmayan formal təbliğat işlərindən o yana addım ata bilmirik. Gör vəziyyət necədir ki, yüz il öncəki “qızın yaxşısını yada vermə, heyifdir, pisini də vermə, eyibdir”, “qohum ətini yesə də sümüyünü çölə atmaz” tipli düşüncələr hazırkı internet və sosial şəbəkə dövründə belə öz qüvvəsini saxlayır”. 

Ekspertin sözlərinə görə, ailə institutu barədə ictimai yanlış düşüncəni dəyişmək üçün təsirli addımlar atılması qaçılmazdır:

“Hətta bu məsələdə neçə onillikdir gecikirik. Bu qeyd etdiklərim ilk növbədə bu tendensiyanın davam etməsində milli psixoloji təsirin rolunun böyük olduğunu göstərir. Xüsusilə ölkəmizin bölgələrində ənənələşmiş streotiplərin insan şüurundan silinməsi üçün əməli işə böyük ehtiyac var. Nə qədər ki, bu cür deyim və düşüncələr hələ də cəmiyyətimizdə hakimdir, o zaman bu problemi aradan qaldırmaq çox çətin olacaq. İnsanların çoxu qohum nikahların fəsadları barədə məlumatlı deyil, bu haqda alimlərin, həkimlərin dediklərinə isə qulaq asmırlar, yaxud bu xəbərdarlıqları heç eşitmək belə istəmirlər. Niyə? Çünki qohum evliliklərinin acı fəsadları barədə onlara izah edilən həqiqəti qəbul etməkdən qorxurlar”.

Sosioloq diqqətə çatdırıb ki, gözlərinin qarşısında digərlərinin nigahlardan qüsurlu uşaq dünyaya gətirdiklərini gördükləri halda belə bu dəhşətli prosesdən vaz keçmək istəmirlər:

“İnsanlar heç cür anlamırlar ki, qohum evliliyinin ən ağır nəticələri genetik xəstəliklərin artmasında özünü göstərir. Qohumlar arasında genetik materialın oxşarlığı yüksək olduğundan, iki qohumun övladında resessiv genlər eyni anda aktivləşə bilər və nəticədə ağır irsi xəstəliklər ortaya çıxar. Unudurlar ki, qohumlar arasında nikah nəticəsində talassemiya, hemofiliya, kistik fibroz, bəzi metabolik xəstəliklər və anadangəlmə anomaliyalar kimi genetik xəstəliklərin övladlarda meydana çıxma riski əhəmiyyətli dərəcədə artır”.

Həmsöhbətimiz fikirlərini belə yekunlaşdırıb:

“Qohum evliliyi genetik hovuzun daralmasına da səbəb olur. Bu isə növbəti nəsillərdə yeni mutasiyaların və xəstəlik risklərinin artmasına gətirib çıxarır. Bu faktlar bu cür izdivacların təhlükəsi barədə insanlara heç nə demir? Bu işin tək çarəsi var: Bölgə-bölgə, kənd-kənd düşüb insanlar arasında ciddi maarifləndirmə işləri aparmaq lazımdır. Sadəcə rayon mərkəzlərində beş-üç adamı toplayıb formal iclas keçirməklə bu dəhşətli düşüncəni dəyişməyə nail olmaq mümkün deyil”.

Günel Cəlilova

0