Azərbaycanda icbari sığorta bazarı da çöküb: Səbəb bəllidir

İQTİSADİYYAT
13:49 / 18.04.2026
44
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığorta növləri üzrə toplanan sığorta haqları 43,126 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,4% azdır.
 
Eyni dövrdə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 27,028 milyon manat olub ki, bu da illik müqayisədə 27,3% artım deməkdir. Nəticədə sığorta yığımları ilə ödənişlər arasındakı nisbət daha da sıxlaşıb: hər 100 manat sığorta haqqına qarşı 62,7 manat ödəniş edilib. Bir il əvvəl bu göstərici 34,7 manat idi.
 
Ümumi sığorta bazarında da oxşar dinamika müşahidə olunur. Yanvar-fevral aylarında 16 sığorta şirkəti tərəfindən 277,562 milyon manat sığorta haqqı toplanıb ki, bu da 1,3% azalma deməkdir. Ödənişlərin həcmi isə 148,800 milyon manata yüksələrək illik müqayisədə 37% artıb.
 
Beləliklə, ümumi bazarda hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş kimi geri qaytarılıb. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub. Maraqlıdır, icbari sığorta bazarının kiçilməsinin səbəbi nədir?
 
"Yığımlar kəskin şəkildə azalıb”
 
Sığorta eksperti İlkin Nəcəfov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, əsas səbəb daşınmaz əmlakın icbari sığortası üzrə yığımların ötən ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə azalmasıdır. Onun sözlərinə görə, keçən ilin ilk iki ayı ilə müqayisədə bu il yığımlarda beş dəfədən çox azalma qeydə alınıb: "Bu azalmanı şərtləndirən əsas səbəb dövlət və dövlətə bağlı təşkilatlara məxsus daşınmaz əmlak üzrə icbari sığorta müqavilələrinin yenilənməsində yaranan gecikmələrdir. Müqavilələr yeniləndikdən sonra bu fərq müəyyən qədər bərpa olunacaq”.
 
"Avtomobil sahəsində yığımlar artacaq”
 
Ekspert qeyd edir ki, avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlarda da oxşar dinamika müşahidə olunur. Hətta bu seqmentdə 2-3 faiz həcmində artım qeydə alınıb: "Sığorta bazarında zərərlilik səviyyəsinin yüksək olması müəyyən çağırışlar yaradır. Xüsusilə taksi fəaliyyəti və kiçik həcmli nəqliyyat vasitələri üzrə zərərin yüksək olması səbəbindən bəzi sığorta şirkətləri avtoicbari sığorta bazarında aktiv fəaliyyət göstərməkdən çəkinir. Bununla belə, icbari sığorta şərtlərinə əsasən, şirkətlərin müraciətlərə imtina etmək hüququ olmadığından müqavilələr məcburi şəkildə bağlanır. Bununla yanaşı, İcbari Sığorta Bürosu və Mərkəzi Bank tərəfindən taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri üzrə bonus əmsalının 1,5 dəfə artırılması nəzərdə tutulur. Bu dəyişiklik Bakı şəhəri üzrə minimum 25 min avtomobili əhatə edərək sığorta haqlarının artmasına səbəb olacaq və bazarda yığımların müəyyən qədər yüksəlməsinə gətirib çıxaracaq”.
 
"Azalma həyat sığortası seqmenti ilə bağlıdır”
 
Sığorta eksperti Pərviz Quliyev isə bildirir ki, icbari sığorta bazarında müşahidə olunan təxminən 29 faizlik azalma əsasən həyat sığortası seqmenti ilə bağlıdır. Onun sözlərinə görə, söhbət qanunvericilikdə "istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta” kimi qeyd olunan, praktikada isə işəgötürənin məsuliyyət sığortası kimi tanınan məhsuldan gedir: "Bu sığorta növü həm dövlət, həm də özəl müəssisələr üçün məcburidir və işçilərin iş vaxtı ərzində baş verə biləcək risklərini əhatə edir. Əvvəlki illərdə dövlət müəssisələri bu sığorta növü üzrə ödənişləri ilin əvvəlində sığorta şirkətlərinə həyata keçirirdi. Lakin 2026-cı ildən etibarən tətbiq edilən dəyişiklik nəticəsində bu ödənişlər artıq sığorta şirkətləri vasitəsilə deyil, birbaşa sosial təminat sistemi üzərindən həyata keçirilir. Bu səbəbdən sığorta şirkətlərinin yığımlarında azalma qeydə alınıb. Hazırda özəl müəssisələr əvvəlki qaydada sığorta şirkətləri ilə işləməyə davam edir. Ümumilikdə isə bazarda müşahidə olunan azalmanın əsas səbəbi dövlət müəssisələrinin bu ödənişləri artıq sığorta şirkətləri üzərindən etməməsidir”.
 
Ödənişlərin artmasının səbəbi
 
Mütəxəssis bildirir ki, ödənişlərin artmasının səbəbi də bazarda paralel şəkildə müşahidə olunan bir neçə amillə bağlıdır. Xüsusilə, yaşam sığortası burada əsas rol oynayır: "Həyatın yığım sığortası məhsulu mövcuddur. Bu məhsul üzrə keçən ildən etibarən dövlət müəssisələrində yeni müqavilələrin bağlanması dayandırılıb. Lakin əvvəlki dövrlərdə bağlanmış müqavilələr üzrə ödənişlər davam edir. Üç illik müqavilələrdə müddət başa çatdıqca ödənişlər həyata keçirilir. Ona görə də ödənişlərin artmasının səbəblərindən biri də məhz həyatın yığım sığortası üzrə aparılan ödənişlərdir. Konkret olaraq iki məhsul üzrə dəyişiklik müşahidə olunur: birincisi, həyat sığorta şirkətlərində istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta üzrə yığımların azalması, ikincisi isə həyatın yığım sığortası üzrə ödənişlərin artmasıdır. Bu isə onu göstərir ki, həyat sığorta şirkətləri daha çox könüllü məhsullara fokuslanmalıdır. Bu məhsullar həyatın ölüm halından sığortası, kritik xəstəliklərdən sığorta və digər könüllü sığorta növləridir. Bu sığorta növlərinin daha çox təbliği, reklamı və maarifləndirilməsi həyata keçirilməlidir ki, həyat sığorta şirkətləri könüllü məhsulların satışını və gəlirlərini artıra bilsin. Bu çağırış yalnız həyat sığorta şirkətlərinə aid deyil. Qeyri-həyat sığorta şirkətləri də könüllü məhsulların satışını artırmaq üçün daha geniş maarifləndirmə və təbliğat fəaliyyəti həyata keçirməlidir”.
 
Risk nə qədər yüksəkdirsə...
 
P.Quliyev vurğulayıb ki, əslində sığorta haqlarının bahalaşması hansısa məhsulun bazardan çıxarılması ilə əlaqəli deyil: "Ümumilikdə sığorta haqlarının yüksək olması sığortalanan obyekt üzrə mövcud risklərin yüksək olması ilə bağlıdır. Məsələn, siz fərqli evləri sığortalaya bilərsiniz, amma əgər müəyyən bir ev üzrə risk daha yüksəkdirsə, həmin obyektə tətbiq olunan sığorta tarifi də daha yüksək müəyyən edilir və nəticədə sığorta haqqı daha çox olur. Ona görə də hazırda hansısa sığorta məhsulunun bazardan çıxması digər sığorta növlərində qiymət artımına səbəb olmur. Çünki faktiki olaraq həmin məhsul ümumiyyətlə satılmadığı üçün onun bazardan çıxması digər sığorta növlərinin qiymət dinamikasına təsir etmir”.
0