Avstraliyada ağacların kütləvi kəsilməsindən 30 il sonra alimləri təəccübləndirən nəticə

DÜNYA
22:34 / 06.11.2026
35

Avstraliyanın Viktoriya ştatında onilliklər əvvəl aparılan meşəçilik təcrübələrinin nəticələri alimləri təəccübləndirib. Araşdırmalar göstərib ki, bəzi ərazilərdə ağacların tamamilə kəsilməsindən sonra meşə 30 il ərzində əvvəlki bitki tərkibini bərpa edə bilib. Digər ərazilərdə isə seyrəltmə üsulu ilə kəsilən ağacların daha sürətlə böyüdüyü və nəhəng ölçülərə çatdığı müəyyən edilib.

HİT.az xəbər verir ki, bu barədə “National Geographic” nəşri məlumat yayıb.

1980-ci illərin ortalarında Viktoriya ştatında dağlıq ərazilərdə yetişən evkalipt meşələrinin idarə olunması ilə bağlı genişmiqyaslı təcrübələrə başlanılıb. Məqsəd ağacların tamamilə kəsilməsinə alternativ üsulları müəyyənləşdirmək olub.

Tədqiqat çərçivəsində alimlər yeddi müxtəlif meşə qırma metodunun uzunmüddətli təsirlərini araşdırıblar. Bu üsullar arasında ağacların tamamilə kəsilməsi, toxum mənbəyi kimi bir neçə ağacın saxlanılması, kiçik və böyük sahələrdə qırıntı aparılması, eləcə də ilkin ağac örtüyünün 30 və ya 50 faizinin qorunması yer alıb. Müqayisə üçün toxunulmaz meşə sahələri də öyrənilib.

Maraqlıdır ki, təcrübənin nəticələri bəzi gözləntiləri təsdiqləyib. Alimlər 1939-cu ildə baş vermiş güclü yanğın nəticəsində tamamilə məhv olan meşə sahələrindən birində ağacların sonradan kütləvi şəkildə kəsilməsinə baxmayaraq, təbii bərpanın uğurla baş verdiyini müəyyən ediblər.

Həmin ərazi uzun müddət diqqətdən kənarda qalıb. Təxminən 30 il sonra tədqiqatçılar yenidən buraya qayıdaraq meşənin vəziyyətini yoxlayıblar. Məlum olub ki, ağacların tamamilə kəsildiyi sahədə bitki tərkibi əvvəlki meşə ilə demək olar ki, eyni səviyyədə bərpa olunub.

Bununla belə, müəyyən fərqlər də qeydə alınıb. Bərpa olunan meşədə ağacların əksəriyyəti təxminən eyni yaşda olub. Halbuki köhnə meşələrdə müxtəlif yaş qruplarına aid ağaclar, o cümlədən içərisi boşalmış yaşlı nümunələr daha çoxdur. Belə ağaclar bir sıra heyvan növləri üçün mühüm yaşayış mühiti hesab olunur.

Tədqiqatın daha maraqlı nəticəsi isə ağac örtüyünün 30–50 faizinin saxlanıldığı ərazilərdə müşahidə edilib. Burada əvvəldən mövcud olan təxminən 80 yaşlı ağacların bir qismi nəhəng ölçülərə çatıb. Bəzi ağacların diametri 1 metrə, digərlərininki isə 1,5 metrə qədər yüksəlib.

Alimlər bunu ağacların seyrəldilməsindən sonra qalan nümunələrin daha çox işıq, qida maddələri və böyümək üçün sərbəst məkan əldə etməsi ilə izah edirlər. Nəticədə həmin ağaclar toxunulmaz meşələrdəki analoqlarından təxminən 20 faiz daha iri olub.

Bundan başqa, seyrəltmə aparılan ərazilərdə ağaclarda toplanan karbonun miqdarı toxunulmamış meşələrdəki göstəricilərlə eyni olub. Tədqiqatçılar hesab edirlər ki, düzgün aparılan seyrəltmə meşə təsərrüfatı üçün xammal təmin etməklə yanaşı, karbonun udulmasına və meşə heyvanları üçün uyğun yaşayış mühitinin formalaşmasına da kömək edə bilər.

Bununla belə, alimlər vurğulayırlar ki, Avstraliyadakı bu nəticələri digər regionların meşələrinə birbaşa tətbiq etmək olmaz. Çünki yerli ekosistemlərin formalaşma şəraiti və yanğınlara uyğunlaşma xüsusiyyətləri fərqlidir.

Samir

0