Ukraynanın cənubundakı və Çernobıl istisna zonasındakı qədim qəbiristanlıqların nadir bitki növlərinin qorunmasında mühüm rol oynadığı müəyyən edilib. Alimlər bu ərazilərdə yüzlərlə bitki növü, o cümlədən qorunan flora nümunələri və yaşı əsrlərlə ölçülən ağaclar aşkar ediblər.
HİT.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
Məlumata görə, “Askania-Nova” Biosfer Qoruğunun və Ukrayna Təbiəti Mühafizə Qrupunun mütəxəssisləri köhnə qəbiristanlıqları özünəməxsus ekoloji sığınacaqlar kimi araşdırırlar. Xüsusilə ölkənin cənubunda yerləşən bu ərazilər ətraf torpaqların böyük hissəsinin əkin sahələrinə çevrilməsi fonunda çöl bitkilərinin qorunub saxlanıldığı nadir məkanlardandır.
Tədqiqatçı Nadiya Skobel bildirib ki, Dnepr çayının sağ sahilindəki taxıllı çöl zonasında 50 qəbiristanlıq araşdırılıb. Nəticədə 700-dən çox bitki növü qeydə alınıb. Onlardan 60-dan çoxu xüsusi mühafizə statusuna malikdir. Aşkar edilən növlər arasında lələkotu, yaz adonisi və nazikyarpaqlı pion da var. Alim xatırladıb ki, hazırda toxunulmaz qalan təbii çöllərin sahəsi cəmi 1 faiz civarındadır.
Mütəxəssislərin fikrincə, bu ərazilərin biomüxtəlifliyinə təkcə yeni dəfnlər və yad bitki növlərinin yayılması deyil, qəbiristanlıqlara həddindən artıq müdaxilə də təhlükə yaradır. Belə ki, mütəmadi olaraq torpağın işlənməsi və dekorativ bitkilərin əkilməsi çöl florasının təbii inkişafına mane olur. Tərk edilmiş qəbirlərdə isə yerli bitki örtüyünün daha yaxşı bərpa olunduğu müşahidə edilir.
Çernobıl istisna zonasındakı qəbiristanlıqlar da alimlərin diqqətini cəlb edib. Əhalinin təxliyəsindən sonra fəaliyyətini dayandıran bu məkanlar təbiətin insan müdaxiləsi minimuma endikdə necə bərpa olunduğunu öyrənmək üçün unikal imkan yaradıb.
Biologiya elmləri doktoru İvan Moyseyenko bildirib ki, indiyədək istisna zonasında 24 qəbiristanlıq araşdırılıb. Bu ərazilərdə 400-dən çox bitki növü və çoxsaylı yaşlı ağaclar qeydə alınıb. Onların arasında çevrəsi 446 santimetr olan canlı palıd, eləcə də çevrəsi 510 santimetrə çatan qurumuş palıd var. Tədqiqatçılar qədim şam ağacları, armudlar və qorunan bitki növləri də aşkar ediblər.
Araşdırmaların davam etdirilməsi planlaşdırılır. Alimlər hər qəbiristanlığı ildə üç dəfə ziyarət edərək müxtəlif fəsillərdə üzə çıxan və çiçəkləyən bitkiləri qeydə almaq istəyirlər.
Qəbiristanlıqların əhəmiyyəti yalnız təbii sərvətlərlə məhdudlaşmır. Tədqiqatçılar Çernobıl zonasındakı məzarlıqlardan birində Kiyev Rus dövrünə aid ola biləcəyi ehtimal edilən 10 kiçik kurqan da tapıblar. Bundan başqa, burada qədim inanclara mənsub insanların qəbirləri üzərində inşa edilmiş taxta tikililər də qorunub saxlanılıb.
Samir


