Müasir dövrdə süni intellekt uşaqların böyümə və inkişaf mühitini əhəmiyyətli dərəcədə dəyişdirir.
Artıq texnologiyalar yalnız məlumat əldə etmək vasitəsi deyil, həm də uşaqların düşüncə tərzinə, davranışlarına və gündəlik vərdişlərinə təsir edən əsas amillərdən birinə çevrilib.
Şagirdlər dərs oxuyarkən, müxtəlif tətbiqlərdən istifadə edərkən, oyun oynayarkən və sosial platformalarda vaxt keçirərkən süni intellektlə davamlı şəkildə qarşılaşırlar. Bu yeniliklər bir tərəfdən öyrənmə prosesini asanlaşdırsa da, digər tərəfdən uşaqların ünsiyyət formalarına, maraq dairəsinə və gələcəyə baxışına da yeni istiqamət verir.
Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında bildirib ki, süni intellektdən istifadənin artması şagirdlərin öyrənmə prosesinə müxtəlif təsirlər göstərir:

“Bir çox şagird artıq məlumatı özləri araşdırmaq və analiz etmək əvəzinə, hazır cavablara üstünlük verir və təqdim olunan informasiyanı yoxlamadan qəbul edir. Bu yanaşma uşaqlarda düşünmə və təhlil etmə bacarıqlarının zəifləməsinə gətirib çıxara bilər. Hər şeyin asan və dərhal əldə olunması onların daha çox rahat yol seçməsinə, nəticədə isə öyrənmə prosesində səylərin azalmasına səbəb olur”.
Onun fikrincə, süni intellekt imkanları düzgün istiqamətdə istifadə edilməlidir:
“Yəni bu texnologiya yalnız hazır cavab almaq üçün deyil, mövzunu daha dərindən anlamaq, araşdırma aparmaq və bilikləri genişləndirmək məqsədinə xidmət etməlidir. Əks halda, yalnız hazır məlumatlara arxalanmaq şagirdlərin inkişafını zəiflədə bilər”.
Günel Cəlilova

