Rusiya ordusunda şəxsi heyət çatışmazlığı problemi Ukraynadan daha kəskindir.
HİT.az xəbər verir ki, bu barədə “Reaktivna poşta” adlı xeyriyyə təşkilatının təsisçisi, hərbi ekspert Pavel Narojni Radio NV efirində bildirib.
Onun sözlərinə görə, Rusiya uzun cəbhə xətti və mürəkkəb logistika səbəbindən ciddi insan resursu çətinliyi ilə üzləşib.
“Onlarda insanlar çatışmır. Cəbhə çox uzundur. Bu, bizim üçün də problemdir, amma ruslar üçün daha böyük problemdir. Çünki cəbhə yarımdairə formasındadır. Biz bu yarımdairənin içərisindəyik, düşmən isə kənardadır. Onlar üçün logistika xeyli çətindir. Biz, məsələn, Sumı şəhərindən avtomobillə Xersona bir günə gedə bilərik. Amma rusların Sumıdan Xersona qüvvə köçürməsi üçün ən çox ehtimal ki, Krım üzərindən getməsi lazımdır. Bu isə onlar üçün 2500–3000 kilometr məsafə deməkdir”, deyə Narojni bildirib.
O əlavə edib ki, geniş cəbhə xətti Rusiyanı daha çox canlı qüvvə istifadə etməyə məcbur edir. Ukrayna Silahlı Qüvvələrinin daha çox düşməni zərərsizləşdirməsi isə Moskva üçün əlavə problemlər yaradıb. Ekspertə görə, bu vəziyyətin necə həll olunacağı hələlik aydın deyil.
“Geniş mobilizasiya aparmaq Putin üçün böyük siyasi zərbə və təbliğat məğlubiyyəti olar. Çünki onun narrativinə görə, ‘xüsusi hərbi əməliyyat’ plan üzrə gedir”, deyə o vurğulayıb.
Narojni həmçinin bildirib ki, bu amillər Rusiyanın yay üçün planlaşdırdığı hücum əməliyyatına artıq təsir göstərib.
“Onlar yalnız cəbhənin nisbətən kiçik sahələrində hücum edə bilirlər. Söhbət əsasən Donbasdan gedir. Buna görə də ehtiyatlı proqnoz vermək olar ki, bu hücum əməliyyatı genişmiqyaslı müharibənin dörd ili ərzində ən uğursuz əməliyyatlardan biri olacaq. Ən yaxşı halda bu, yalnız onların operativ vəziyyətində kiçik yaxşılaşma ilə nəticələnə bilər”, deyə ekspert qeyd edib.
Samir


