“Son günlərdə ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini G-20 sammitinə dəvət edəcəyinə dair iddialar yayılıb. Lakin bu, mümkün görünmür”.
Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi ekspert Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən bəhs edib:
“Nəzərə almaq lazımdır ki, Putin keçmiş sovet respublikası olmuş müstəqil dövlətlərə qarşı aşağılama siyasətinə görə çoxdan beynəlxalq aləmdə və siyasətdə nüfuzunu itirib. Çünki onun bu dəst-xətti reallıqlara cavab vermir. Yəni Kreml rəhbəri müasir dövrün siyasi xəttini qəbul edə, ona uyğun siyasət yeridə və baş verən dəyişikliklərdən lazımi nəticələri çıxarmağı bacarmır.
Xüsusilə, Ukrayna müharibəsində edilən taktiki və strateji səhvlər onu nəhəng bir dövlətin başçısı olmaq statusunu kökündən laxladıb. İndiki durumda Putinin simasında Rusiyanın əvvəlki nüfuzu və çəkisi təkcə inkişaf etmiş ölkələrdə yox, həm də inkişaf etməkdə olan ölkələrdə xeyli dərəcədə zəifləyib. İndi bu ölkələr Rusiya siyasətçilərinə “yox” demək alibinə yiyələniblər”.
Ekspertin sözlərinə görə, Tramp da Putinin getdiyi yolu getdi və İranla müharibəyə başladı:
“O, məqsədə çatmadan müharibəni dayandırmağa məcbur olmaqla Amerikanın və özünün siyasi karyerasını ciddi zədələdi. Yəni, Trampla Putin hazırda eyni səviyyədə “yanmış” prezident obrazındadırlar. Bu mənada, onların arasında hər hansı bir problemin, konkret olaraq Ukrayna müharibəsinin başa çatdırılması barədə konsessus əldə etmələri və ya Kiyevi öz dediklərinə razı salmaları sadəcə olaraq absurd məsələ kimi nəzərə çarpır.
Səbəblərdən biri də odur ki, bu adamlar sülh və əmin-amanlıq üçün yox, öz ambisiyarı üçün çalışırlar. Ona görə onların görüşü mənasız təklifdən başqa bir şey deyil. Hətta görüşsələr belə, onların sonradan təklif edəcəkləri şərtləri Ukrayna qəbul etməyəcək. Buna görə də mənası olmayan bir görüşün baş tutması real deyil”.
Novruz Novruzov diqqətə çatdırıb ki, Vladimir Putinin G20 sammitinə dəvət olunması təklifini sadəcə Donald Tramp irəli sürüb:
“Bəs digər 19 dövlət başçısının fikri? Onların bu təklifə münasibəti necədir? Məsələn, İtaliyanın Baş naziri Ciorcia Meloni Rusiya Prezidentinin G20 sammitinə mümkün dəvətinə etiraz edərək Qərbin artıq güzəşt edən tərəf olmamalı olduğunu bildirib. Almaniya Kansleri Fridrix Merts isə Ukraynadakı münaqişə ilə bağlı Putinlə birbaşa danışıqlar çağırışlarını rədd edib. Bu isə əslində Putinin G20-ə dəvət olunmasının əlehinə olmaq deməkdir.
Ümumiyyətlə, Ukrayna müharibəsi başlayandan sonra Avropa ölkələri Rusiyanın G-20-də iştirakını mənfi emosiyalarla qarşılayıblar. Məsələn, 2023-cü ildə Hindistanın paytaxtı Dehlidə keçirilən keçirilən sammitdə Almaniyanın o vaxtkı xatici işlər naziri Annalena Berbok deyib ki, “Rusiya G20-nin işini iflic edib”. Bu cür fikirlər fonunda çətin ki, yalnız Trampın dəvəti ilə Putinin görüşdə iştirakına icazə verilə bilər”.
Həmsöhbətimiz onu da vurğulayıb ki, məsələnin başqa tərəfi də var:
“Vladimir Putin itirilmiş nüfuzun bərpası üçün bu iştiraka ciddi həvəs göstərər və avropalı liderlər Tramp tərəfindən razılığa gətirilərsə Rusiyanın dövlət başçısı sammitdə iştirak etsə onda nəyə nail olunacaq? Yəqin ki, heç nəyə.
Əksinə, liderlər Putinlə açıq söz savaşına çıxar və münasibətlər daha da korlana bilər. Sadə dillə desək, üzdə olmasa da, daxildə Rusiya-Avropa İttifaqı münasibətlərinə “bıçaq sümüyə dirənib”. Hansı tərəf güzəştə getsə dərin siyasi və iqtisadi depressiya ilə üz-üzə qalacaq. Bu səbəblərdən dolayı Rusiya Prezidentinin G-20 sammitində iştirakı sual altında qalır”.
Elmir Mustafa



