NATO-nun Avropadakı keçmiş Ali Müttəfiq Qüvvələrinin komandanı Filip Bridlav "Azadlıq" radiosuna verdiyi müsahibədə bildirib ki, Çin və Rusiya NATO-da ABŞ və Avropa ölkələri arasında yaranan parçalanmaya sevinirlər.
HİT.az xəbər verir ki, o, NATO-nun Soyuq müharibə dövründən qalan köhnəlmiş bir qurum olduğu fikrini rədd edib.
"NATO bizim düşmənimizə qarşı müdafiə üçün yaradılıb. O düşmən eynidir: Rusiya. Bütün rəsmi sənədlərimiz və mövqelərimiz Rusiyanın düşmən olduğunu təsdiqləyir. Rusiya Avropada Ukraynaya hücum edərək genişmiqyaslı aqressiv müharibəyə başlayıb”, deyə Bridlav bildirib.
O, ABŞ ilə Avropa arasında Körfəz bölgəsindəki müharibə ilə bağlı yaranmış gərginliyi şərh edərkən qeyd edib ki, Rusiya və Çin İranı müəyyən dərəcədə dəstəkləyib və bu da Tehranın özünü daha güclü mövqedə hiss etməsinə səbəb olub. Onun sözlərinə görə, bu vəziyyətdə Avropa proseslərdə kənar müşahidəçi rolunda qalıb.
Generalın fikrincə, daha doğru yanaşma ABŞ və Avropanın birlikdə hərəkət etməsi və NATO-nun vahid mövqe nümayiş etdirməsi olardı.
“Çin buna baxır və yəqin ki, heç olmadığı qədər məmnundur. Onlar bölünmüş Qərbi görürlər. Vladimir Putin hakimiyyətdə olduğu müddət ərzində ABŞ-ı NATO-dan uzaqlaşdırmağa çalışıb. O, yəqin ki, gördüklərindən çox məmnundur. Biz Putinə liderliyi dövründə əldə edə biləcəyi ən böyük hədiyyəni veririk və bunu necə düzəltməyi anlamalıyıq. Qərbin düşmənləri Qərbin öz daxilində mübahisə etdiyini görməməlidir”, deyə keçmiş NATO komandanı vurğulayıb.
Samir


