Hantavirus xəstəliyi yayılıb?

SAĞLAMLIQ
11:27 / 07.05.2026
40

Son vaxtlar ölkənin müxtəlif bölgələrində respirator xəstəliklərə yoluxanların sayında artım müşahidə edilir. 

Vətəndaşlar əsasən yüksək temperatur, boğaz ağrısı, quru öskürək, ümumi zəiflik və mədə-bağırsaq narahatlıqları ilə üzləşdiklərini bildirirlər. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə isə bu simptomların hantavirusla əlaqəli ola biləcəyi barədə müxtəlif iddialar səsləndirilir.

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında deyib ki, son illərdə yeni virusların və fərqli infeksiyaların ortaya çıxması cəmiyyətdə narahatlıq yaradan əsas məsələlərdən birinə çevrilib: 

398583

“Bu infeksiya əsasən gəmiricilər vasitəsilə yayılır. Xüsusilə siçan və siçovulların ifrazatlarının quruyaraq havaya qarışması və nəfəs yolları ilə orqanizmə daxil olması yoluxma riskini artırır. Bəzi hallarda gəmiricilərlə birbaşa təmas və ya dişləmə də təhlükə yarada bilər. Hantavirus ciddi nəticələr doğura bilən infeksiyalardandır. Virusun ağciyərlərə və ürək-damar sisteminə təsir göstərərək ağır respirator problemlər yarada bilir”.

Professor onu da əlavə edib ki, xəstəliyin ilkin mərhələsində yüksək hərarət, halsızlıq, quru öskürək, baş və əzələ ağrıları, qarın nahiyəsində narahatlıq, eləcə də həzm problemləri müşahidə edilə bilər:

“Bu əlamətlər bir çox digər virus xəstəliklərinə bənzədiyi üçün diaqnozun qoyulması çətinləşə bilir. Yüksək hərarət və nəfəsalma çətinliyi müşahidə olunarsa, mütləq həkim nəzarəti vacibdir. Xəstəlik dövründə yataq rejimi, bol maye qəbulu, düzgün qidalanma və immun sisteminin gücləndirilməsi əsas tövsiyələr sırasında yer alır”.

Günel Cəlilova

0