2026-cı ilin yanvar-mart aylarını əhatə edən maliyyə göstəriciləri bank sistemində fərqli istiqamətdə gedən prosesləri üzə çıxarıb.
İqtisadiyyatda cüzi daralma müşahidə olunsa da, bankların maliyyə imkanları genişlənməkdə davam edib və sektorun ümumi aktivləri 58 milyard manata çatıb. Bununla yanaşı, əmanət bazarında azalma qeydə alınıb, kreditlərin dəyəri isə yüksəlib.
Rəsmi statistikaya əsasən, ilk üç ay ərzində banklardan yüz milyonlarla manat həcmində depozit geri çəkilib. Əmanətlər üzrə gəlirliliyin zəifləməsi də diqqət çəkən məqamlardan biridir. Belə ki, depozit faizlərində enmə müşahidə olunub.

Bu sektorunda yaranmış vəziyyətlə bağlı bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, vaxtaşırı bu cür dəyişikliklər qeydə alınır:
“İqtisadi aktivliyin azalması fonunda bank aktivlərinin artması gözlənilən haldır. Çünki iqtisadi fəallıq zəiflədikdə dövlət kreditləşmənin artmasına çalışır ki, iqtisadi canlanma baş versin. Əgər banklarda vəsait azalırsa, onlar əlavə maliyyəni Mərkəzi Bankdan cəlb edib kredit şəklində bazara yönəldə bilərlər”.
Həmsöhbətimiz əmanət faizlərinin cüzi şəkildə azaldığını da dilə gətirib:
“Əmanətlərin azalmasının müxtəlif səbəbləri var. Açıqlanan statistik rəqəmlərə görə, banklardan 600 milyon manat depozit çıxarılıb. Nəzərə almaq lazımdır ki, ölkədə xarici əmanətçilərin sayı az deyil.
Ola bilər ki, xarici əmanətçilər depozitləri öz adlarına deyil, yerli vətəndaşların adına yerləşdirirlər. Əmanətlərin azalmasının əsas səbəbi isə insanların vəsaitə ehtiyac yarananda pullarını banklardan çıxarmasıdır. Bu tendensiya uzun müddət davam edərsə, iqtisadi vəziyyət daha da ağırlaşa bilər”.
Ekspertin sözlərinə görə, kredit faizləri də artmaqda davam edir. Bu isə kredit risklərinin yüksəlməsi ilə əlaqələndirilir.
Günel Cəlilova

