Qadınların bir sıra uğursuz tanışlıq və münasibətlərdən sonra “artıq normal kişi qalmayıb” qənaətinə gəlməsinin arxasında bəzən həddindən artıq və bir-biri ilə ziddiyyət təşkil edən gözləntilər dayanır. Bundan əlavə, rədd edilmək qorxusu və münasibətlərdə üstün mövqedə olmaq istəyi də sağlam əlaqələrin qurulmasına mane ola bilər.
HİT.az xəbər verir ki, bu barədə psixoloq İnna Mirnaya “Gazeta.Ru”ya açıqlamasında danışıb.
Onun sözlərinə görə, bəzi qadınlar güclü, qətiyyətli və müstəqil kişi arzuladıqları halda, həmin şəxsin bütün qərarlarının öz istəklərinə uyğun olmasını gözləyirlər. Eyni zamanda, uğurlu və yüksək gəlirli tərəfdaş istəyir, lakin onun daim yanında olmasını tələb edirlər. Bu cür ziddiyyətli tələblər real insanın deyil, qadının zehnində formalaşmış ideal obrazın axtarışına səbəb olur.
Psixoloq hesab edir ki, sosial şəbəkələr və tanışlıq tətbiqləri də insanlarda seçim imkanlarının sonsuz olduğu təəssüratını yaradır. Halbuki yüksək standartlara sahib olmaqla qarşı tərəfə daim özünü sübut etdirmək istəyi eyni şey deyil. Sağlam münasibətdə əsas tələb qarşılıqlı hörmət və tərəfdaşlığa hazır olmaqdır.
Mirnayanın fikrincə, həddindən artıq tələbkarlıq bəzən rədd edilmək qorxusundan qaynaqlanır. Belə insanlar qarşı tərəfin qüsurlarını əvvəlcədən axtararaq münasibəti özləri bitirməyə üstünlük verirlər. Bununla da sevilməmək və ya seçilməmək ehtimalı ilə üzləşməkdən yayınırlar.
“İnsan qarşı tərəfi qiymətləndirdiyi müddətdə özünü daha güclü mövqedə hiss edir. Ancaq yaxın münasibətlər hər iki tərəfin bir-birini qiymətləndirməyə başladığı zaman yaranır. Bəzən ‘normal kişi yoxdur’ demək, konkret bir kişinin səni seçməməsi qorxusunu etiraf etməkdən daha asan olur”, – deyə psixoloq bildirib.
Mütəxəssis münasibətlərdə başqa bir problemin də tərəfdaşlığın bərabərhüquqlu birlik deyil, iyerarxiya kimi qəbul edilməsi olduğunu vurğulayıb. Bu yanaşmada kişinin dəyəri onun qazancı, hədiyyələri və qadının tələblərinə nə dərəcədə cavab verməsi ilə ölçülür.
Psixoloq qeyd edib ki, sağlam münasibət kimin kimə daha layiq olduğunu müəyyənləşdirmək üzərində qurulmur. Belə bir birlikdə tərəflər hakim və namizəd kimi deyil, öz ehtiyacları, sərhədləri, üstünlükləri və çatışmazlıqları olan iki bərabər insan kimi çıxış etməlidirlər.
Samir


