Xoşbəxt münasibətin təməlində tərəfdaşla birlikdə vaxt keçirmək və onun hisslərini anlamaq dayanır. Yeni araşdırma məşhur “beş sevgi dili” konsepsiyasının elmi əsaslarını da sual altına alıb.
HİT.az xəbər verir ki, Şimali Kiprdəki Girne Amerika Universitetinin psixoloqları tərəfindən aparılan tədqiqatın nəticələri “BMC Psychology” jurnalında dərc olunub.
Araşdırmada 513 tələbə iştirak edib. Onların 56 faizi qadın olub, iştirakçıların orta yaşı isə 21 təşkil edib. Sorğuya qatılanların hamısı ya münasibətdə olub, ya da tədqiqatdan ən azı altı ay əvvəl ayrılıq yaşayıb.
İştirakçılardan sevgilərini beş fərqli formada – xoş sözlər və təsdiq, birlikdə vaxt keçirmək, hədiyyələr vermək, kömək göstərmək və fiziki təmas vasitəsilə necə ifadə etdiklərini qiymətləndirmək istənilib. Bununla yanaşı, onların empatiya səviyyəsi və münasibətlərindən məmnunluqları da yoxlanılıb.
Nəticələr göstərib ki, sevgini ifadə etməyin ən geniş yayılmış formaları tərəfdaşla birlikdə vaxt keçirmək və onun nə düşündüyünü, nə hiss etdiyini anlamaq bacarığıdır. Tədqiqat müəlliflərinin hesablamalarına görə, tərəfdaşı anlamaq bacarığı mehriban davranışlarla münasibətdən məmnunluq arasındakı əlaqənin 37 faizini təşkil edir.
Araşdırma “beş sevgi dili” nəzəriyyəsinin özünü də mübahisələndirib. Məlum olub ki, bu kateqoriyalar bir-biri ilə ciddi şəkildə üst-üstə düşür. Məsələn, birlikdə vaxt keçirmək və hədiyyə vermək kimi davranışları bir-birindən dəqiq ayırmaq çətindir.
Alimlər hesab edirlər ki, sevgini ifadə etməyin beş ayrı dili əvəzinə, əsas məqam tərəfdaşa diqqət göstərmək, onun ehtiyaclarına həssas yanaşmaq və emosiyalarını anlamaqdır. Araşdırmada qadınların empatiya göstəricilərinin və nəvaziş ifadə etmə tezliyinin bir qədər yüksək olduğu da müəyyənləşib. Bununla belə, münasibətlərdə məmnunluğa təsir edən əsas mexanizmin hər iki cins üçün eyni olduğu vurğulanıb.
Qeyd edək ki, “sevginin beş dili” konsepsiyası amerikalı ailə məsləhətçisi Qari Çepmen tərəfindən 1992-ci ildə irəli sürülüb. Onun bu nəzəriyyə haqqında kitabı dünya bestsellerinə çevrilib. Lakin son illərdə aparılan elmi araşdırmalar beş sevgi dilinin ayrı-ayrı kateqoriyalar kimi mövcudluğunu təsdiqləyən kifayət qədər sübut olmadığını göstərir. Yeni tədqiqat da münasibətlərin xoşbəxtliyində əsas amilin tərəfdaşların empatiya və bir-birini anlamaq bacarığı olduğunu dəstəkləyir.
Samir


