Limon digər dadları necə neytrallaşdırır? – Alimlər mexanizmi aşkarladı

MARAQLI
21:55 / 17.11.2026
48

Limonun turş dadı şirinlik, duzluluq və acılığın qəbulunu zəiflədir. Alimlər müəyyən ediblər ki, bu proses beyində deyil, hələ dilin dad reseptorlarında başlayır. Turşu dadı qəbul edən hüceyrələr digər dad siqnallarını zəiflədərək onların beyinə daha aşağı intensivliklə ötürülməsinə səbəb olur.

HİT.az xəbər verir ki, bu qənaətə ABŞ-ın Mayami Universitetinin Tibb Məktəbinin Stiven Roperin rəhbərlik etdiyi neyrobioloqlar qrupu gəlib. Tədqiqatın nəticələri “The Journal of Neuroscience” jurnalında dərc olunub.

Alimlər təcrübələr zamanı siçanların ağız boşluğuna müxtəlif dad məhlulları yeridərək üz sinirindən gələn siqnalları qəbul edən neyronların fəaliyyətini izləyiblər. Şirin, acı və duzlu məhlullar həm ayrı-ayrılıqda, həm də turşu ilə birlikdə sınaqdan keçirilib.

Nəticələr göstərib ki, turşu digər dadlara cavab verən sinir hüceyrələrinin fəaliyyətini əhəmiyyətli dərəcədə azaldır. Xüsusilə şirin dadı qəbul edən hüceyrələrin reaksiyası təxminən üç dəfə zəifləyib.

Tədqiqatçılar bu prosesdə serotoninin mühüm rol oynadığını müəyyən ediblər. Adətən “xoşbəxtlik hormonu” kimi tanınan serotonin dilin dad reseptorlarında siqnal ötürücü molekul funksiyasını yerinə yetirir. Turşu ilə təmas zamanı həssas hüceyrələr serotonin ifraz edir və bu maddə şirin, acı və umami dadlarını tanıyan qonşu hüceyrələrin fəaliyyətini zəiflədir.

Alimlərin fikrincə, bu mexanizm insanlara gündəlik həyatda da tanışdır. Məsələn, çaya əlavə edilən limon onun həddindən artıq şirinliyini azaldır, balıq yeməklərinə vurulan limon suyu isə yağlı dadı daha yüngül hiss etməyə kömək edir.

Araşdırmanın əsas yeniliyi ondadır ki, dadların bir-birinə təsirinin yalnız beyində baş vermədiyi üzə çıxıb. Məlum olub ki, dilin dad reseptorları da informasiyanı beyinə çatdırmazdan əvvəl emal edir və müəyyən mənada dadların ilkin qiymətləndirilməsini həyata keçirir.

Samir

0