Son illər Azərbaycanda hamiləliyin süni yolla dayandırılması hallarının sayında nəzərəçarpacaq artım müşahidə olunur.
Rəqəmlər göstərir ki, bu tendensiya artıq demoqrafik və sosial baxımdan ciddi müzakirə mövzusuna çevrilib. Rəsmi məlumatlara əsasən, 2025-ci il ərzində ölkədə 95 min 117 abort həyata keçirilib ki, bu da son illərin ən yüksək göstəricisidir.
Yaş qrupları üzrə bölgüyə baxdıqda, abort etdirənlərin əksəriyyətinin reproduktiv yaş dövrünün aktiv mərhələsində olan qadınlar olduğu görünür. Belə ki, 30-34 yaş arasında 27 min 498, 25-29 yaş qrupunda 26 min 329, 35 yaş və yuxarı qadınlar arasında isə 22 min 811 abort qeydə alınıb.
Diqqətçəkən məqamlardan biri də yeniyetmələr arasında bu halların davam etməsidir. Statistikaya görə, 18-19 yaşlı qızlar arasında 3 min 178, 15-17 yaş qrupunda isə 66 abort faktı rəsmiləşdirilib. Müqayisə göstərir ki, son beş ildə abortların sayı davamlı şəkildə yüksəlib. Belə ki, 2021-ci ildə 46 min 877, 2022-ci ildə 57 min 999, 2023-cü ildə 73 min 816, 2024-cü ildə isə 78 min 245 abort qeydə alınmışdı. 2025-ci ilin göstəricisi isə əvvəlki illərlə müqayisədə kəskin artımın baş verdiyini ortaya qoyur.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında deyib ki, abortların azaldılması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri gözlənilən nəticəni vermir:

“Bu sahədə görülən işlər sistemli yanaşmadan uzaqdır və problemin kökünə yönəlmir. Məsələyə emosional və ya dini çağırışlarla yanaşmaq kifayət deyil. İnsanları yalnız “abort etməyin” mesajları ilə fikirlərindən daşındırmaq mümkün deyil. İlk növbədə, qadınları və ailələri belə qərarlar verməyə sövq edən sosial, iqtisadi və psixoloji amillər araşdırılmalıdır”.
Ekspert vurğulayıb ki, problemin həlli üçün həm elmi əsaslara söykənən maarifləndirmə proqramları hazırlanmalı, həm də dövlət səviyyəsində uzunmüddətli fəaliyyət strategiyası formalaşdırılmalıdır:
“Bununla yanaşı, qanunvericilik və sosial mexanizmlər vasitəsilə müəyyən tənzimləyici tədbirlərin görülməsi də vacibdir. Abortların artmasında ailədaxili münasibətlər də mühüm rol oynayır. Bir çox hallarda hamiləliyin dayandırılması qərarı ailədəki qeyri-sabitlik, münaqişələr və gələcəklə bağlı qeyri-müəyyənlik fonunda verilir”.
F.Hacıbəylinin dediyinə görə, ailə institutunda problemlərin və boşanmaların çoxalması davam etdikcə abort hallarının sayında da artım riski qalacaq:
“Bu səbəbdən məsələ yalnız səhiyyə deyil, eyni zamanda sosial siyasət və ailə münasibətləri kontekstində də qiymətləndirilməlidir”.
Günel Cəlilova


