Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA

SOSİAL
22:36 / 04.09.2026
54

Qarşıdan növbəti tədris ili gəlir və bu baxımdan Bakıda tıxacların artacağı qaçılmazdır.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, növbəti tədris ilinin başlaması ilə əlaqədar şəhərdə nəqliyyatın hərəkətində müəyyən çətinliklər gözlənilir.

Onun sözlərinə görə, aidiyyəti qurumlar tərəfindən verilən açıqlamalara əsasən şəhər tam hazır vəziyyətdədirlər, vəziyyət koordinasiya olunur, dərhal operativ qərarlar qəbul edilir:

“Eyni zamanda yeni avtobusların xəttə buraxılması gözlənilir. Hazırda sərnişinlərə 2300 avtobus xidmət göstərir, sentyabr-oktyabr aylarında onların sayının 2500-ə çatdırılması nəzərdə tutulur. Ümumilikdə Bakı şəhəri üçün 2800 avtobusun olması arzulanandır, yəni bu, müəyyən bir effekt, nəticə verə bilər. Digər tərəfdən, yol polisinin üzərinə də böyük iş düşür. Yəni ən ağır yük onların çiyinindədir. Çünki yollarda hərəkəti tənzimləmək ancaq onların işidir. Bu baxımdan hesab edirəm ki, qurumlar əlaqəli şəkildə iş qursalar, müsbət nəticə əldə etmək mümkündür. Amma vaxtında qərar qəbul etmək, operativ reaksiya vermək lazımdır”.

Ekspert qeyd edib ki, dərs və iş saatlarının dəyişdirilməsi məsələsi hələ də həllini tapmayıb: “Formula 1 ilə bağlı bəzi məktəblərin onlayn dərs rejiminə keçəcəyi barədə artıq rəsmi məlumat yayıldı. Bu da müəyyən bir müsbət təsir göstərəcək, yəni həmin məktəblərə, nəqliyyat axını, insan axını olmayacaq”.

Mütəxəssis dövlət qurumları arasında aparılan koordinasiyalı işləri təqdir edib və hesab edir ki, bunlar da problemin həllinə müsbət təsir göstərəcək: “Sadəcə davamlı həllər tapmaq lazımdır ki, ümumiyyətlə bu sıxlığın, tıxacın qarşısı Bakı şəhəri üçün birdəfəlik alınsın. Bunun üçün də sadəcə olaraq Bakı şəhərinin Baş Planında nəzərdə tutulan işlər görülməlidir. Cənab Prezident tərəfindən təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası sürətli şəkildə həyata keçirilməlidir. Təbii ki, maliyyə imkanları yaxşı olduqca bu işlər görülür və kifayət qədər də vəsait ayrılır. Sistemli şəkildə, gələcəyə hesablanmış layihələr Bakını bu problemdən xilas edə bilər. Böyük şəhərlər bu problemləri keçiblər, keçənlər hələ də var. Dünyanın inkişaf etmiş bir çox ölkələri mərhələli şəkildə həll yolunu tapıblar. Azərbaycan da bu təcrübə üzrə hərəkət edir və düşünürəm ki, yaxşı nəticə əldə edə biləcəyik”.
 

0