Rusiya qış ərəfəsində zərbələrin taktikasını dəyişdu: Bu, Kiyev üçün pis əlamətdir

DÜNYA
19:29 / 05.09.2026
47

Avqustun sonlarından etibarən Rusiya Kiyevə hava zərbələrinin tezliyini artırıb və qarşısının alınması daha çətin olan reaktiv pilotsuz uçuş aparatlarından istifadə etməyə başlayıb. İndi hücumlar yalnız gecələr deyil, sutka ərzində həyata keçirilir və sakinlər həyatlarını yenidən yeni reallıqlara uyğunlaşdırmalı olurlar.

HİT.az xəbər verir ki, “Bloomberg”in yazdığına görə, Kremlin yeni taktikası Kiyevin çətinliklərini daha da dərinləşdirib, logistikanı çətinləşdirib, dövlət xidmətlərinin fəaliyyətini pozub və mülki əhali arasında itki riskini artırıb.

“Bütün bunlar havaların soyuması yaxınlaşdıqca insanların mənəvi vəziyyətinə daha çox zərbə vurub. Bu isə bir çox insanı, ilk növbədə azyaşlı uşaqları olan anaları müdafiəsiz şəhəri, hətta ölkəni tərk edib-etməmək barədə düşünməyə vadar edir”, – deyə nəşr vurğulayıb.

Şəhər hakimiyyətinin rəsmi məlumatlarına görə, sentyabrın 2-dək olan yeddi gün ərzində Ukraynanın paytaxtında hava hücumu xəbərdarlığı sirenləri 74 dəfə səslənib. Xəbərdarlıqların ümumi müddəti isə 63 saat təşkil edib. 

Müharibə dövründə Kiyev və digər şəhərlərin sakinləri artıq müəyyən həyat rejimi formalaşdırmışdılar: gecə hücumlarını keçirir, gündüz isə adi həyatlarına qayıdırdılar. İndi isə onlar yenidən uyğunlaşmalı, bir həyəcan siqnalından digərinə qədər yaşamalı, gəzintiləri azaltmalı və gecələri metro stansiyalarında keçirməli olurlar.

Bu vəziyyət Ukraynanın enerji infrastrukturuna mütəmadi hücumların fonunda baş verir. Bir çox ukraynalı ötən qışın, ehtimal ki, daha böyük miqyasda təkrarlanacağını gözləyir:

“Rusiya hazırda daha az ballistik raketdən istifadə edərək reaktiv pilotsuz uçuş aparatlarına keçsə də, bu, Moskvanın soyuq aylar üçün raket ehtiyatı toplaması anlamına gəlirsə, Ukrayna üçün vəziyyət daha da pisləşə bilər. Məqsəd əvvəlki kimi qalacaq – Ukraynanın enerji və istilik infrastrukturunu məhv etmək və şəhərlərini getdikcə yaşayış üçün daha yararsız vəziyyətə salmaq”.

Rusiyanın yeni yanaşmasının böyük şəhərlərdə nisbətən normal həyatı və iqtisadi fəallığı iflic edə biləcəyini nəzərə alan Ukrayna prezidenti Volodimir Zelenski hökumətin təhlükəsizlik protokollarını yenidən nəzərdən keçirdiyini bildirib.

Planlaşdırılan tədbirlər arasında pilotsuz uçuş aparatlarının hücumları ilə daha ciddi raket təhdidlərini fərqləndirən iki səviyyəli xəbərdarlıq sisteminin tətbiqi də var. Təhdidin aşağı səviyyəsində müəssisələrə və dövlət xidmətlərinə fəaliyyətlərini davam etdirməyə icazə veriləcək.

Samir
 

0