Amerikalı fiziklər kainatımızın təxminən üçdə birini təşkil edən və indiyədək birbaşa müşahidə olunmayan qaranlıq maddənin ilk birbaşa sübutu ola biləcək siqnal qeydə alıblar.
HİT.az xəbər verir ki, bu barədə “Qubit” nəşri məlumat yayıb.
Söhbət LUX-ZEPLIN (LZ) eksperimentinin nəticələrindən gedir. Nəticələr sentyabrın 1-də Yaponiyada keçirilən elementar hissəciklər fizikası üzrə konfransda açıqlanıb.
Alimlər 2023-2024-cü illər üzrə məlumatları təhlil edərkən qaranlıq maddə hissəciyinin – zəif qarşılıqlı təsir göstərən kütləvi hissəciyin (WIMP) gözlənilən toqquşmasına tam uyğun gələn işıq parıltısı qeydə alıblar.
Məlum olduğu kimi, LUX-ZEPLIN detektoru Cənubi Dakotadakı Sanford yeraltı laboratoriyasının 1,6 kilometr dərinliyində yerləşir. Bu, 10 ton maye ksenonla doldurulmuş nəhəng rezervuardır.
Detektorun iş prinsipi nisbətən sadədir: qaranlıq maddənin hissəciyi Yer kürəsindən keçərək ksenon atomu ilə toqquşduqda işıq parıltısı yaranır. Tədqiqatçılar məhz bu siqnal vasitəsilə toqquşmaya nəyin səbəb olduğunu müəyyənləşdirirlər.
Qaranlıq maddəni indiyədək heç kim birbaşa müşahidə etməyib. Alimlər onun mövcudluğu barədə yalnız qravitasiya təsirinə əsasən nəticə çıxarırlar. Məhz bu təsir qalaktikaların və onların çoxluqlarının dağılmasının qarşısını alır.
Tədqiqatın həmmüəllifi, Los-Ancelesdəki Kaliforniya Universitetinin əməkdaşı Alvin Kamaha qaranlıq maddənin rolunu sadə şəkildə izah edərək onu Süd Yolunun və digər qalaktikaların yaranmasına imkan verən “kosmik yapışqan” adlandırıb.
“Onsuz kainat tamamilə fərqli şəkildə inkişaf edərdi və nəticədə Günəş sisteminin yaranmasına gətirib çıxaran strukturlar ümumiyyətlə meydana gəlməyə bilərdi”, – deyə alim bildirib.
Qeydə alınan hadisənin statistik əhəmiyyəti 2,6 siqma təşkil edir. Fizikada elmi kəşfin rəsmi olaraq qəbul edilməsi üçün 5 siqma göstəricisi tələb olunur ki, təsadüfi uyğunluq ehtimalı tamamilə istisna edilsin.
LZ layihəsinin alimləri hazırda açıqladıqlarından daha çox məlumata sahibdirlər. Onların ilk nəticələri detektorun cəmi 220 günlük fəaliyyəti əsasında əldə edilib. Halbuki detektor əslində 700 gündən çox müddətdə məlumat toplayıb.
Alimlər bu qeydlərin böyük hissəsini hələlik özləri də açıq şəkildə təhlil etmirlər. Bunun səbəbi nəticələri gözləntilərə uyğunlaşdırmaq və ya tədqiqatın nəticələrinə əvvəlcədən təsir göstərmək riskindən qaçmaqdır.
Samir


