Norveç Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirmək məqsədilə Arktika bölgəsində neft və qaz yataqlarının işlənməsini genişləndirir. Rusiyadan təxminən 400 kilometr məsafədə yerləşən bu ərazilərdə enerji layihələri ilə yanaşı, hərbi təhlükəsizlik tədbirləri də gücləndirilir.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin yazdığına görə, Yaxın Şərqdəki qeyri-sabitlik və ABŞ-la İran arasında müharibənin yaratdığı təchizat problemləri Avropanı alternativ enerji mənbələri axtarmağa vadar edib. Bu vəziyyət Norveçin neft-qaz sektorunun əhəmiyyətini daha da artırıb.
Arktikadakı enerji layihələrinin əsas mərkəzlərindən biri ölkənin ən şimal şəhərlərindən olan Hammerfestdir. Təxminən 10 min əhalisi olan şəhərin yaxınlığındakı Melkoya adasında Avropanın yeganə mayeləşdirilmiş təbii qaz (LNG) zavodu yerləşir. Buraya qaz 143 kilometrlik boru xətti ilə Barens dənizindəki Snøhvit yatağından nəql olunur.
Norveç bu il kəşfiyyat işləri üçün nəzərdən keçirilən 70 yeni lisenziya sahəsindən 38-ni Barens dənizində müəyyənləşdirib. Dövlət enerji şirkəti “Equinor” isə Norveçin kontinental şelfində hasilatın davam etdirilməsinə hər il 7,4 milyard dollar yönəldir. Bu vəsaitin yarısı şimal ərazilərinin payına düşür.
Norveç Dəniz Neft Ehtiyatları Direktorluğunun qiymətləndirməsinə əsasən, Barens dənizinin şimal hissəsi ölkənin şelfində böyük yataqların aşkarlanması baxımından ən perspektivli bölgədir. Kəşf edilməmiş enerji ehtiyatlarının 60 faizdən çoxunun məhz burada yerləşdiyi bildirilir.
Enerji layihələrinin genişləndirilməsi Norveçin Arktikadakı hərbi mövcudluğunu gücləndirməsi ilə paralel gedir. Oslo Rusiyanı milli təhlükəsizliyinə əsas təhdid kimi qiymətləndirir.
Hammerfestdən şərqdə, Rusiya sərhədindən təxminən 180 kilometr məsafədə yerləşən Porsanqmoen hərbi bazasında 2025-ci ilin avqustunda yaradılmış “Finnmark” briqadası fəaliyyət göstərir. Bölmənin əsas vəzifəsi Norveçin ən şimal bölgəsinin müdafiəsini təmin etməkdir.
“Bloomberg” yazır ki, Rusiya da Norveçin enerji fəaliyyətini diqqətlə izləyir. Moskva mütəmadi olaraq Barens dənizindəki Norveç neft-qaz obyektlərinin yaxınlığına hərbi təyyarələr göndərir. Bundan başqa, “Equinor” şirkəti kiberhücumlarla da üzləşib. Lakin bu hücumların arxasında Rusiyanın dayandığına dair birbaşa ittiham irəli sürülməyib.
Arktikada digər dövlətlərin də fəallığı artır. ABŞ Alyaskada neft-qaz kəşfiyyatı üçün yeni ərazilər təklif edir, Çin Arktika üzərindən Avropaya ticarət marşrutlarını genişləndirir, Rusiya isə Şimal dəniz marşrutu boyunca enerji və hərbi infrastrukturunu inkişaf etdirir. Kanada da strateji faydalı qazıntı yataqlarına çıxışı asanlaşdırmaq üçün yeni nəqliyyat dəhlizi yaratmağı planlaşdırır.
Beləliklə, Arktika təkcə enerji ehtiyatlarına görə deyil, həm də Avropa ilə Asiya arasında nəqliyyat və hərbi-strateji əhəmiyyətinə görə böyük dövlətlərin rəqabət meydanına çevrilir.
Samir


