Kiçik yaşlı uşaqların inkişafında ailənin maddi imkanlarından daha çox valideynlərin onlarla ünsiyyəti, emosional münasibəti və birgə keçirdikləri vaxt əhəmiyyət daşıyır. Alimlər müəyyən ediblər ki, isti ailə mühiti və inkişafetdirici oyunlar uşaqların sosial və emosional bacarıqlarına müsbət təsir göstərir.
HİT.az xəbər verir ki, bu nəticəyə Çinin Uhan Universitetinin psixoloqları 370 uşağın iştirakı ilə apardıqları araşdırmada gəliblər. Tədqiqatın nəticələri “Frontiers in Psychology” jurnalında dərc olunub.
Araşdırmada 12-36 aylıq uşaqların inkişafı öyrənilib. Alimlər ailələrin maddi vəziyyətini valideynlərin təhsil səviyyəsi və gəlirləri əsasında qiymətləndirib, ev şəraitini isə uşaqlara göstərilən emosional diqqət, birgə məşğələlər, oyunlar, cəzalandırma və valideyn münasibətləri üzrə təhlil ediblər.
Nəticələr göstərib ki, ailənin maddi imkanları ilə uşağın inkişafı arasında birbaşa əlaqə zəifdir. Əksinə, valideynlərin mehriban münasibət göstərdiyi, uşaqlarla tez-tez söhbət etdiyi və onların inkişafına vaxt ayırdığı ailələrdə böyüyən uşaqlar sosial-emosional bacarıqlar baxımından daha yaxşı nəticələr nümayiş etdiriblər.
Tədqiqatçılar müəyyən ediblər ki, evdəki mühit nəzərə alındıqda ailə gəliri ilə uşağın inkişafı arasındakı əlaqə tamamilə aradan qalxır. Başqa sözlə, maddi imkanların uşağın inkişafına təsiri əsasən ailədə yaradılan şərait vasitəsilə özünü göstərir.
Araşdırmada valideynlərin uşaqları diqqətdən kənarda qoymasının və cəzalandırmasının isə inkişaf göstəriciləri ilə mənfi əlaqəli olduğu müəyyən edilib.
Tədqiqatın müəlliflərindən Yu Lipinq vurğulayıb ki, valideyn dəstəyi və mehriban ailə mühiti, xüsusilə aşağı gəlirli ailələrdə uşaqların erkən inkişafındakı fərqləri azaltmağa kömək edə bilər.
Alimlərin fikrincə, uşağın sağlam inkişafı üçün bahalı oyuncaqlar və yüksək maddi imkanlardan daha çox valideyn diqqəti, ünsiyyət və birlikdə keçirilən keyfiyyətli vaxt vacibdir.
Samir


