Uşaqlara yalan danışmamaları üçün necə davranaq?

SOSİAL
15:00 / 06.07.2026
247

“Uşaqların yalan danışması valideynlər üçün çox vaxt gərginlik yaradan bir məqamdır”. 

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, biz tez-tez bunu “pis vərdiş” və ya xasiyyət qüsuru kimi görürük:


“Halbuki, psixoloji baxımdan yalan uşağın özünü müdafiə etmək, tənqidlərdən yayınmaq və ya dünyada özünə yer tapmaq üçün istifadə etdiyi bir “sağ qalma strategiyası”dır. Uşaq yalan danışarkən əslində pis niyyət daşımır, sadəcə özünü təhlükəsiz hiss etmək istəyir. 

Dürüstlük bir seçimdir və uşaq bu seçimi yalnız özünü təhlükəsiz hiss etdiyi mühitdə edə bilər. Əgər uşaq hər hansı bir səhvinə görə sərt cəza, qəzəb və ya uzun-uzadı tənqidlərlə qarşılaşırsa, onun beynində çox aydın bir düstur formalaşır: “Həqiqəti desəm, cəzalanacam”. Bu qorxu hissi uşağı yalan danışmağa məcbur edir”.

Ekspert qeyd edib ki, valideynlər uşağın doğruluğu cəza ilə deyil, sakitliklə əlaqələndirməsinə kömək etməlidir:
“Bir səhvi sakitliklə müzakirə etmək, uşağa “sənin səhvlərin mənim üçün dəyərini azaltmır, gəl bir yerdə düzəldək” mesajını verir. Uşağa “sən yalançısan” deyərək etiket yapışdırmaq, onun özünə inamını zədələyən ən böyük səhvlərdən biridir. Bu, uşağın davranışını dəyişmir, əksinə, həmin davranışı onun kimliyinin bir parçasına çevirir. 

Bunun əvəzinə, hərəkəti və şəxsiyyəti bir-birindən ayırmaq lazımdır. Məsələn: “Bəzən doğru demədiyini görürəm və bu məni narahat edir. Gəl, səni nəyin buna vadar etdiyini danışaq”. Bu cür yanaşma uşağa öz hərəkətlərinə görə məsuliyyət daşımağı öyrədir və aranızdakı səmimi əlaqəni qoruyur”.

Psixoloq diqqətə çatdırıb ki, uşaqlar dediklərimizə yox, etdiklərimizə baxaraq böyüyürlər:
“Bizim gündəlik həyatda işlətdiyimiz kiçik və “zərərsiz” hesab etdiyimiz yalanlar belə uşağın müşahidə siyahısındadır. O, doğruluğun nə zaman vacib, nə zaman isə “əldən verilə bilən” bir dəyər olduğunu bizim davranışlarımızdan öyrənir. Bu səbəbdən, dürüstlük hər şeydən əvvəl bir şəxsi nümunə məsələsidir.

Uşaq çətin bir vəziyyətdə belə doğruluğu seçəndə, bunu mütləq şəkildə dəyərləndirmək lazımdır. “Düzünü dediyin üçün sənə güvənirəm və bu mənim üçün çox qiymətlidir” demək uşağın daxili motivasiyasını gücləndirir. Bu, ona göstərir ki, dürüstlük təkcə cəzadan qaçmaq deyil, həm də ətrafındakı insanlarla sağlam körpülər qurmaq üçün ən qısa yoldur”.

Ülviyyə Ağazadə fikirlərini belə yekunlaşdırıb:
“Yalanın qarşısını almağın yolu qorxu yaratmaq deyil, güvən mühiti formalaşdırmaqdır. Uşaq özünü qəbul olunmuş və dinlənilmiş hiss etdikcə, yalan danışmağa ehtiyacı qalmayacaq. Unutmayaq ki, dürüst uşaqlar təzyiqlə deyil, dəstəklə böyüyürlər”.

Pərviz

0