Pulsuz avtobusların ÜSTÜNLÜKLƏRİ

SOSİAL
11:43 / 07.07.2026
193

Paytaxtın avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunan hissələrində sakinlərin və şəhər qonaqlarının gediş-gəlişini asanlaşdırmaq üçün “BakuBus” yeni nəqliyyat xidməti təşkil edib. 

Şirkət bu məqsədlə sərnişinlərin istifadəsinə ödəniş tələb olunmayan şatl avtobusları təqdim edib. C1 və C2 xətləri üzrə hərəkət edən ekoloji cəhətdən təmiz mikroavtobuslar şənbə, bazar və rəsmi qeyri-iş günlərində saat 12:00-dan gecə 00:00-dək fəaliyyət göstərəcək. Avtobusların dayanacaqlara çatma intervalı isə təxminən 7-10 dəqiqə olacaq.

Nəqliyyat eksperti Adil Nəbiyev Hit.az-a açıqlamasında vurğulayıb ki, şəhər daxilində ödənişsiz mikroavtobusların tətbiqi ictimai nəqliyyat sisteminin daha funksional və əlçatan olmasına xidmət edən uğurlu təşəbbüslərdən biri sayıla bilər: 

“Belə bir xidmət insanların qısa məsafələri rahat qət etməsinə şərait yaratmaqla yanaşı, şəxsi avtomobillərdən istifadənin azalmasına da stimul verir. Bu isə öz növbəsində küçə və prospektlərdə nəqliyyat yükünün yüngülləşməsinə şərait yaradır. Bu nəqliyyat vasitələrinin fəaliyyəti əsasən metro çıxışlarından yaşayış məhəllələrinə və əks istiqamətə sərnişin daşınması üzərində qurulmalıdır”. 

403798

Ekspert qeyd edib ki, hazırda bir çox vətəndaş metrodan istifadə etsə də, son mənzilə qədər rahat nəqliyyat bağlantısı olmadığı üçün avtomobildən imtina etmir: 

“Məhz həmin boşluğun aradan qaldırılması ictimai nəqliyyata marağı artıra bilər. Bu baxımdan sərnişin dövriyyəsinin yüksək olduğu əsas nəqliyyat qovşaqlarında belə marşrutların təşkilinə ehtiyac var. "Koroğlu", "20 Yanvar", "Əhmədli", "İnşaatçılar", "Dərnəgül" və oxşar ərazilərdə mikroavtobusların müntəzəm işləməsi həm gediş-gəlişi asanlaşdırar, həm də mövcud nəqliyyat şəbəkəsinin imkanlarını genişləndirər”.

Mütəxəssis əlavə edib ki, belə layihələrin ekoloji üstünlükləri də nəzərə alınmalıdır:

“Şəxsi avtomobillərlə edilən səfərlərin azalması yanacaq sərfiyyatını və atmosferə buraxılan zərərli qazların miqdarını aşağı salır ki, bu da şəhərin hava keyfiyyətinə müsbət təsir göstərir. Bu xidmət marşrutlar düzgün seçilməklə, sərnişin axını təhlil edilərək və metro ilə avtobus xətləri arasında effektiv əlaqə yaradılmaqla inkişaf etdirilərsə, Bakıda ictimai nəqliyyatın səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəldə bilər. Belə yanaşma həm şəhər mobilliyini yaxşılaşdıracaq, həm də yol hərəkətində sıxlığın azaldılmasına və sakinlərin gündəlik rahatlığının artırılmasına real töhfə verəcək”.

Günel Cəlilova

0