Ailə psixoloqu Olqa Kuşnaryova bildirib ki, sabit iş qrafiki insanın sağlam psixoloji vəziyyətinin vacib tərkib hissəsidir. Onun sözlərinə görə, bu cür qrafik insana proqnozlaşdırıla bilənlik və təhlükəsizlik hissi verir.
HİT.az-ın məlumatına görə, mütəxəssis "İzvestiya" qəzetinə açıqlamasında qeyd edib ki, sabit iş qrafiki olan əməkdaş iş gününün nə vaxt başladığını və başa çatdığını, həmçinin istirahət vaxtını əvvəlcədən bilir. Bu isə sinir sisteminin daimi uyğunlaşmaya daha az resurs sərf etməsinə imkan yaradır.
Psixoloqun sözlərinə görə, müntəzəm istirahət günləri orqanizmin tam bərpası üçün böyük əhəmiyyət daşıyır. İstirahət yığılan stressin azalmasına, diqqətin və konsentrasiya qabiliyyətinin bərpasına kömək edir.
"İstirahət insanın tənbəl və ya zəif olması ilə bağlı deyil. Bu, yuxu və qidalanma kimi bioloji prosesdir. İstirahət zamanı diqqət, yaddaş və konsentrasiya bərpa olunur, yığılan stress səviyyəsi azalır", deyə Olqa Kuşnaryova vurğulayıb.
Ekspert qeyd edib ki, çevik iş qrafiki özlüyündə emosional tükənməyə səbəb olmur. İş vaxtını müstəqil seçmək, tapşırıqları ən məhsuldar saatlara uyğunlaşdırmaq və yolda sərf olunan vaxtı azaltmaq stressin azalmasına kömək edə bilər.
Lakin çeviklik iş və şəxsi həyat arasındakı sərhədlərin itməsi ilə müşayiət olunarsa, problemlər yarana bilər. İş vaxtından sonra göndərilən mesajlar və axşam saatlarında tapşırıqların yerinə yetirilməsi əməkdaşın psixoloji yükünü artıra bilər.
Psixoloqun sözlərinə görə, həddindən artıq yorğunluğun əsas əlamətləri bunlardır: səhərdən etibarən davamlı yorğunluq hissi, əsəbilik, diqqətin zəifləməsi, səhvlərin sayının artması və istirahətdən sonra belə bərpa olunmamaq hissi. Bundan əlavə, yuxu pozuntuları, işə qarşı emosional uzaqlaşma və enerjinin yalnız gündəlik tapşırıqları yerinə yetirməyə kifayət etməsi də emosional tükənmənin göstəriciləri hesab olunur.
Mütəxəssis əlavə edib ki, emosional tükənmə riski həm də əməkdaşın gündəlik həyatında nizamlı rejimə riayət etmək bacarığından asılıdır.
Samir


