Ətin qiyməti nə üçün yenidən BAHALAŞDI?

İQTİSADİYYAT
15:50 / 03.09.2026
229

Son günlərində Bakıda mal ətinin qiyməti yenidən yüksəlib.

Belə ki, sümüklü mal əti 19, sümüksüz isə 23 manata satılır. Təbii ki, bu da alıcıları narahat edir. Onlar, ətin belə bahalaşmasından gileylənirlər. Satıcılar isə onlara baha qiymətə gəldiyini bildirirlər.

Bəs ətin qiymətinin bahalaşmasına səbəb nədir?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən qida eksperti Ağa Salamov deyib ki, ətin bahalaşması bir çox amildən irəli gəlir: 


“Bu amillərdən biri heyvanların, xüsusilə xırda və iri buynuzlu mal-qaranın baş sayının azalması və təsərrüfatların getdikcə tükənməsidir. Əsas məsələ odur ki, bu heyvanları saxlamaq üçün fermerlərin sayı çox azdır.

Hazırda heç kimin qoyun-quzu saxlamağa marağı yoxdur, çünki örüş yerləri çatışmır və fermerlər üçün kifayət qədər güzəştli şərait yaradılmayıb. Yalnız öz imkanı və gücü hesabına bu işlə məşğul olan azsaylı insanlar var. Öz vəsaitini başqa biznes sahələrinə yatıra biləcəyi halda bu çətin sahayə meyil edən həmin insanları alqışlamaq lazımdır”.

Ekspert qeyd edib ki, kəndliyə heyvan saxlamağa marağı və həvəsi olması üçün daha yaxşı şərait yaradılmalıdır:
“Fermerlər örüş yerləri ilə təmin olunmalı, yem və otun qiymətində onlara güzəştlər edilməlidir. Müxtəlif dəstək mexanizmləri tətbiq olunmalıdır ki, sahəyə maraq artsın. Əks halda, otun qiyməti baha olduqda, örüş yeri tapılmadıqda və qıtlıq yarandıqda qiymət artımı qaçılmaz olur və ildən-ilə davam edir.

Məsələn, əvvəllər sümüksüz quzu ətinin qiymətinin 30 manata çatacağı bildirilirdisə, artıq bu qiymət reallığa çevrilib. Vaxt gələcək ki, 30 manat da az görünəcək və qiymət 50 manata yüksələcək. İldən-ilə bu qiymətlər qalxacaq, çünki bu sahədə inkişaf zəifdir və yetərincə diqqət ayrılmır. Fermerliyə maraq göstərilməyəndə, bu sahəyə fokuslanmayanda, fermerlərə dəstək və dayaqlıq olunmayanda, onların sayı artırılmayanda və aralarında rəqabət yaradılmayanda bu hallar baş verir”.

Ağa Salamov diqqətə çatdırıb ki, qiymətə təsir edən digər mühüm amil isə logistika və daşınmadır: 
“Heyvanların, eləcə də kəsildikdən sonra ətin daşınması xüsusi şərtlər tələb edir. Ət məhsulları soyuq zəncir rejimində, xüsusi nəqliyyat vasitələri ilə daşınmalıdır. Qida təhlükəsizliyi və risklərin qarşısının alınması baxımından kəsimdən, saxlama və emal prosesindən tutmuş son istehlakçıya çatdırılana qədər olan bütün mərhələlərdə çirklənmənin qarşısı alınmalıdır. Təbii ki, bu belə də olmalıdır və normaldır.

Lakin əsas məsələ odur ki, bütün bu xərclərin yumşaldılması, fermerlərə dəstək göstərilməsi və ya xaricdən gətirilən quzuların və heyvanların çoxalmasında köməklik olunması mütləq şəkildə həyata keçirilməlidir. Sahədə rəqabət yaratmadıqda, fermerlərə dəstək olmadıqda, yem və otun qiyməti baha olduqda və heyvan saxlayanların sayı azaldıqda ətin qiymətindəki artım təbii olaraq davam edəcək”.

Pərviz

0