Rusiyanın Avropada getdikcə daha həyasız xarakter alan hücumları qitə liderlərini dilemma qarşısında qoyur: onlar Moskvaya sanksiyalar və diplomatik etirazlardan daha ciddi vasitələrlə cavab verməyə hazırdırmı?
HİT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Jurnalistlərin fikrincə, hələlik bu suala cavab tapılmayıb. Bu həftə Almaniya və Avropa rəsmiləri Rusiyanın Almaniyadakı hava limanına partlayıcı yüklü dronlarla hücum edərək sərhədi keçdiyini bildiriblər. Lakin Berlinin reaksiyası Rusiyanın əvvəlki təxribatlarından sonra dəfələrlə nümayiş etdirdiyi ssenaridən fərqlənməyib.
Qeyd olunur ki, NATO-nun Avropadakı üzvləri kollektiv müdafiə prinsipinə əsaslanan alyansdan hələlik sərhədlərinin qorunması və Ukraynaya hərbi yardım göstərilməsindən başqa məqsədlər üçün istifadə etmək istəyi nümayiş etdirməyiblər.
Bunun əvəzinə avropalılar Rusiya Prezidenti Vladimir Putinin qarşısında dilemma yaratmağa, ilk növbədə isə Kiyevə dəstəyi gücləndirməyə çalışırlar.
Lakin bəzi avropalılar liderlərinin kampaniyasının Kremlin təxribatlarının qarşısını almaq üçün həddən artıq ehtiyatlı olduğunu bildirirlər. Almaniya Müdafiə Nazirliyinin keçmiş qərargah rəisi Niko Lanqe deyib: “Putinə ən ağrılı olduğu yerdən təzyiq göstərmək lazımdır”.
Onun fikrincə, Rusiyanın bütün “kölgə donanması”nın fəaliyyəti bloklanmalı, Rusiya diplomatlarının Avropa İttifaqı ölkələri arasında sərbəst hərəkətinə qadağa qoyulmalı, həmçinin Rusiyaya kömək etmək üçün Aİ-nin sanksiyalarından yan keçən digər ölkələrə təzyiq artırılmalıdır.
Lanqe əlavə edib: “Hər hibrid hücumdan sonra Almaniya Ukraynaya yardımını artırmalıdır”.
Mühüm məqam ondan ibarətdir ki, Avropanın hər yerində siyasətçilər sanksiyalara və ya Rusiya vətəndaşlarının ölkədən çıxarılmasına geniş dəstək ifadə edirlər. Bununla belə, bir çox rəsmilər daha qətiyyətli reaksiyanın Aİ və ya NATO tərəfindən verilməli olduğunu bildirirlər.
Avropanın imkanlarını məhdudlaşdıran amillərdən biri artıq görülmüş tədbirlərin uzun siyahısıdır. Variantlar hələ də mövcuddur, lakin onların bir çoxu ya mürəkkəb və bahalıdır – məsələn, üçüncü ölkələrin Rusiyaya qarşı sanksiyalardan yan keçməsinə kömək etməsinin qarşısının alınması – ya da Avropa seçiciləri üçün ciddi narahatlıq yarada bilər.
Samir


