Bu günlərdə Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə qolları olmayan körpə dünyaya gəlib.
Doğuşdan sonra körpənin anası rəsmi şəkildə övladından imtina edib. Bu hadisənin ən ağır tərəfi isə körpənin dünyaya hansı xüsusiyyətlərlə gəlməsi deyil. Ən ağır tərəf odur ki, dünyaya gəldiyi ilk saatlarda onun ehtiyac duyduğu ən böyük şeylərdən biri – ana qayğısı, ana nəfəsi, ana istisi artıq yanında olmayıb.
Yeni doğulan körpənin dünyanı tanımağa başladığı ilk məqamdır. O, nə baş verdiyini bilmir, niyə doğulduğunu, niyə anasının qucağında olmadığını, niyə başqa bir uşağın anasının səsinə, qoxusuna və toxunuşuna sahib olduğunu anlamır. Onun üçün həyat hələ çox sadədir - isti bir qucaq, bir səs, bir toxunuş, bir nəfəs...
İnsanın qarşısında istər-istəməz ağır bir sual yaranır - bir ana öz körpəsini qolları olmadığı üçün geridə qoyub, getməsi bir çox sualları cavabsız qoyur. Ola bilər ki, ailəsindən, yaxınlarından və ya cəmiyyətdən ciddi təzyiq görüb. Bəlkə hamiləlik boyu bu uşağın dünyaya gəlməsi ilə bağlı qorxu yaşayıb. Bəlkə də özünün bilmədiyimiz, kənardan görünməyən başqa bir hekayəsi var.
Amma bir həqiqət də var - o körpənin baş verənlərdə heç bir günahı yoxdur. Tarixdə və dünyada bunun saysız-hesabsız nümunələri var. Müxtəlif fiziki və inkişaf xüsusiyyətləri ilə dünyaya gələn uşaqların valideynləri onları həyatları boyu böyüdüb, qoruyub, cəmiyyətə qazandırıblar. Bəzən bir uşağın bütün həyatını dəyişdirən şey onun sağlam doğulması deyil, yanında onu olduğu kimi qəbul edən bir insanın olmasıdır.
Elə analar var ki, hamiləlik dövründə övladının müəyyən sağlamlıq problemi ilə dünyaya gələcəyini öyrənib. Qarşılarında çətin seçim dayanıb. Amma onlar doğulmamış övladlarını yalnız diaqnozdan ibarət görməyib, balaları kimi qəbul ediblər. Sonra illərlə həmin uşağın yanında olublar – ilk addımından ilk sözünə, məktəb günlərindən həyatının ən çətin anlarına qədər.
Sevinc


