ABŞ Prezidenti Donald Tramp İran müharibəsi ilə bağlı sürpriz açıqlama verib.
O, müharibənin noyabr ayında keçiriləcək aralıq seçkilərindən sonra bitə biləcəyini deyib. Onun sözlərinə görə, İran ondan daha artıq ABŞ təzyiqlərinə tab gətirə bilməyəcək.
Lakin Amerika mediasında yer alan xəbərlərə görə, Trampın komandası onunla eyni fikirdə deyil. Onlar, aralıq seçkilərindən sonra müharibənin dayanmayacağını və hətta 2029-cu ilə qədər davam edəcəyini düşünürlər.
Maraqlıdır, ABŞ-İran müharibəsi həqiqətən də aralıq seçkilərindən sonra dayana bilərmi?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, əslində Donald Trampın noyabr ayına vurğu etməsi başadüşüləndir:
“Çünki ABŞ-İran qarşıdurması nəticəsində dünya bazarında neft qiymətlərində artım yaşanıb. Həmçinin, ABŞ bazarında enerji qiymətləri bahalaşıb, həm inflyasiya, həm də digər məhsulların qiyməti artıb. Bu da seçkiqabağı ərəfədə Trampın və respublikaçıların reytinqinin aşağı düşməsi ilə nəticələnib.
Ona görə də Tramp üçün bir qələbə xəbərini müjdələməyə ehtiyacı var. ABŞ lideri də seçkilərdən sonra hər şeyin bitəcəyini deməklə faktiki olaraq elektorata mesaj göndərir və onların sakitləşdirilməsinə nail olmaq istəyir”.
Lakin ekspert aralıq seçkilərindən sonra ABŞ-İran müharibəsinin dayanacağını gözləmir:
“Seçkilərdən sonra müharibənin dərhal dayandırılması inandırıcı deyil. Çünki müharibənin başlamasının konkret səbəbləri var. Üstəlik, İranın nüvə proqramı ilə yanaşı, əlavə olaraq da Hörmüz böhranı ortaya çıxıb.
Bu gün təkcə Hörmüz istiqamətində hələ hər hansı bir irəliləyişə nail olunmadığı bir mərhələdə seçkilərdən sonra müharibənin dayandırılması gözlənilmir. Düşünürəm ki, bu proses seçkilərdən sonra da davam edəcək. Hətta seçkilərdən sonra yenidən qarşılıqlı zərbələrə, ondan ardınca yenidən hansısa danışıqlara şahidlik edə bilərik”.
Politoloq diqqətə çatdırıb ki, seçkilərin nəticələri müəyyən qədər rol oynayacaq:
“Yəni respublikaçıların məğlubiyyəti zamanı Trampla bağlı bir impiçment və yaxud da hər hansı bir istiqamətlərdə müəyyən qərarlar qəbul olunarsa, bu müharibənin gedişinə müəyyən təsir edəcək. Amma bu belə artıq prosesin sonlanmağı anlamına gəlmir. O baxımdan prosesin həqiqətən də uzana biləcəyini düşünürəm.
Həm qarşılıqlı zərbələr, həm paralel danışıqlar davam edə bilər. Prosesin ABŞ tərəfindən həyata keçirilən iqtisadi təzyiqin öz rolunu oynayana qədər davam etmə ehtimalı böyükdür. Həmçinin, bu təzyiq fonunda sonra yenidən əməliyyatların da intensivləşməsi baş verə bilər. Hazırkı mərhələdə müharibənin aralıq seçkilərindən sonra bitməsi real deyil”.
Pərviz



