Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Prokurorluğuna Rusiyanın sanksiyalardan yayınmasına və Ukraynada müharibəni dəstəkləməsinə kömək edən şirkət və şəxslər barəsində iş qaldırmaq səlahiyyətinin verilməsini təklif edib.
HİT.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
Bildirilir ki, Kallas sanksiyalardan yayınma ilə bağlı işlərə nəzarətin Lüksemburqda yerləşən Avropa Prokurorluğuna verilməsini təklif edib. Bu halda qurum Rusiyaya sanksiya tətbiq olunan malların tədarükü və ya Kremlin maraqları naminə pul yuyulması hallarını araşdıra biləcək.
Müzakirələrin gedişindən xəbərdar olan iki diplomatın sözlərinə görə, Kallas bu ideyanı çərşənbə günü Aİ-yə üzv ölkələrin səfirləri ilə görüş zamanı səsləndirib. Lakin o, bu mərhələdə konkret təkliflər irəli sürməyib.
Nəşr qeyd edir ki, belə bir addım Avropa prokurorlarına Aİ daxilində yerləşən və sanksiyaya məruz qalan Rusiya və Belarus subyektləri ilə əməkdaşlıq qaydalarını pozan və ya qadağan olunmuş əməliyyatlarda iştirak edən şəxsləri məsuliyyətə cəlb etməyə imkan verəcək.
Hazırda Aİ sanksiyalarına əməl olunmasına nəzarət 27 üzv ölkənin milli qanunvericilikləri arasındakı fərqlər və prokurorların müxtəlif yanaşmaları səbəbindən çətinləşir.
Hazırda Avropa Prokurorluğunun səlahiyyətlərinə mütəşəkkil cinayətkarlıqla əlaqəli ağır cinayətlərin, o cümlədən çirkli pulların yuyulması, korrupsiya və transmilli dələduzluq hallarının araşdırılması və təqsirkarların məsuliyyətə cəlb edilməsi daxildir.
Beynəlxalq sanksiyalara əməl olunmasına nəzarətin də qurumun səlahiyyətlərinə əlavə edilməsi onun fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsi demək olacaq.
Samir


