Bəşəriyyət nə vaxtsa yerdənkənar sivilizasiyadan siqnal qəbul edərsə, onu aşkar edən şəxslər məlumatı dərhal dünyanın digər mütəxəssisləri ilə bölüşməli, lakin nəticələr təsdiqlənmədən ictimaiyyətə sensasiyalı açıqlamalar verməməlidirlər.
HİT.az xəbər verir ki, bu qaydalar yadplanetli sivilizasiyadan mümkün siqnalın aşkarlanmasından sonrakı fəaliyyətləri tənzimləyən beynəlxalq protokolda əksini tapıb.
Rusiya Elmlər Akademiyasının Astronomiya üzrə Elmi Şurasının “Kainatda həyat və zəka” bölməsinin rəhbəri, astrofizik Aleksandr Panov bildirib ki, sənəd 2025-ci ilin sonunda qəbul edilib. O, Beynəlxalq SETI Komitəsinin üzvü kimi protokolu imzalayan şəxslərdən biridir.
Alimin sözlərinə görə, sənədin əsas məqsədi mümkün yadplanetli siqnalın araşdırılmasını düzgün təşkil etmək və əsassız sensasiyaların qarşısını almaqdır.
Protokol iki əsas tələb müəyyənləşdirir. Birincisi, şübhəli siqnal aşkar edildikdə məlumat dərhal dünyanın digər mütəxəssislərinə ötürülməlidir ki, onlar da müstəqil yoxlama aparsınlar. İkincisi isə siqnalın həqiqiliyi təsdiqlənmədən bu barədə geniş ictimai açıqlama verilməməlidir.
Panovun bildirdiyinə görə, sənəd 2026-cı ildə Birləşmiş Millətlər Təşkilatına da təqdim olunub və bununla müəyyən rəsmi status qazanıb.
Bununla belə, alim yadplanetlilərə necə cavab verilməsi ilə bağlı beynəlxalq qaydaların mövcud olmadığını vurğulayıb. Onun fikrincə, belə bir qərar qəbul etmək üçün əvvəlcə siqnalın mənbəyini və mahiyyətini müəyyənləşdirmək lazımdır.
Astrofizik qeyd edib ki, Dreyk düsturuna əsaslanan təxminlərə görə, Yerə ən yaxın texnoloji sivilizasiya belə, ehtimal ki, min işıq ilindən az məsafədə yerləşmir. Bu halda həmin sivilizasiyadan göndərilən siqnalın Yerə çatması min il çəkə bilər. İnsanların göndərəcəyi cavabın qarşı tərəfə çatması üçün də təxminən eyni müddət tələb olunar.
Dreyk düsturu Süd Yolunda mövcud ola biləcək texnoloji sivilizasiyaların sayını təxmin etmək üçün istifadə edilən nəzəri hesablamadır.
Panovun fikrincə, vəziyyət Günəş sistemində hərəkət edən və hələ aşkar edilməmiş yadplanetli kosmik zond vasitəsilə siqnal alınacağı təqdirdə fərqli ola bilər. Belə bir halda bəşəriyyətin necə davranacağı barədə əvvəlcədən müəyyən edilmiş qərar yoxdur.
Alim hesab edir ki, bu zaman siqnalın məzmunu və xarakteri, o cümlədən onun dostluq niyyəti, yoxsa təhlükə ehtiva etməsi qiymətləndirilməli olacaq. Hazırkı mərhələdə isə belə bir vəziyyət üçün konkret cavab planı mövcud deyil.
Samir


